"Rusiya Premyer Liqasında klubların sayı 18-ə çatdırılmalıdı. Və yalnız yerli klublar iştirak etməlidi". Matc.az saytının məlumatına görə, bunu Rusiyanın tanınmış məşqçisi Valeri Qazzayev deyib.

O, yerli mətbuata müsahibəsində MDB klublarının Rusiya Premyer Liqasına cəlb olunması ideyasına münasibət bildirib.

Qazzayev digər ölkə komandalarının buna müsbət cavab verəcəyinə inanmır: "Xarici klubların bizim çempionata inteqrasiyası məqsədəuyğun deyil. İlk növbədə beynəlxalq arenada kvotanı nəzərə almaq lazımdı. Axı Rusiya çempionatına keçərkən xarici klublar avrokuboklarda iştirak imkanlarından məhrum olacaqlar. Heç kim də əlavə kvotanı verməyəcək. Bu yaxınlarda “Astana” Çempionlar Liqasının qrup mərhələsində iştirak etdi, BATE “Bavariya” və “Yuventus”a qalib gəldi. Onlar və azarkeşləri bundan imtina etməyə hazırdılarmı?".

65 yaşlı mütəxəssis bu prosesin digər ölkələrdə futbola mənfi təsir edəcəyini düşünür: "Hər bir ölkə çempionatının öz federasiyası var və inkişafın qayğısına onlar qalır. İnkişaf prosesi də fəal şəkildə gedir. Belarusdan BATE və ya “Dinamo”nu (Minsk), Azərbaycandan “Neftçi”ni, Ermənistandan “Ararat”ı, Qazaxıstandan “Tobol”, “Astana” və ya “Kayrat”ı götürsək, yerli futbol çökəcək, tamaşaçı marağı dərhal aşağı düşəcək və inkişaf əvəzinə tənəzzül olacaq. Bu, qonşularımızın nəyinə lazımdı?".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest