Azərbaycan milli komandasının Macarıstanın Sombatxey şəhərindəki "Haladaş"stadionunda San Marino üzərində qazandığı yoxlama görüşündəki (2:1) əsas problemi qol vəziyyətlərindən lazımi səviyyədə yararlana bilməməsi olub.
Matc.az xəbər verir ki, bunu millimizin baş məşqçisi Ayxan Abbasov oyundan sonra keçirilən mətbuat konfransında deyib.
Mütəxəssis komandanın oyununu və toplanışın yekunlarını belə dəyərləndirib:
"İlk öncə futbolçulara təşəkkür edirəm. İlk oyunda məğlub olmuşduq, bu gün mütləq qalib gəlmək istəyirdik. Bu təlim-məşq toplanışı bizim üçün başa çatdı və bundan sonra Millətlər Liqası turniri başlayır. Əsas məqsədimiz iş başında bütün heyəti görmək idi. Çünki gələcəkdə hansı futbolçunu hansı yükün, hansı təzyiqin altına ata biləcəyimizi dəqiq bilməli idik. Bu amil bizim üçün çox vacib idi. Hər kəs bilir ki, məşqlərlə real oyun şəraiti tam fərqlidir.
Ümumi götürsək, ən böyük problemimiz yenə qol epizodlarından istifadə edə bilməməyimiz oldu. Digər tərəfdən, qapımızda standart vəziyyətdən qol gördük ki, bu da millimizin ən böyük yaralı yeridir. Fransa və İslandiyaya qarşı keçirdiyimiz əvvəlki oyunlarda da məhz standart vəziyyətlərdən qollar buraxmışdıq. Bu çatışmazlıq bizi ciddi şəkildə düşündürür".












