Azərbaycan millisinin və "Neftçi" klubunun sabiq yarımmüdafiəçisi Kamal Quliyev bir müddət futboldan uzaq qaldıqdan sonra yenidən fəaliyyətə başlayıb.
Matc.az xəbər verir ki, veteran futbolçu bu barədə özü saytımıza verdiyi müsahibəsində deyib.
O, hazırda Sumqayıtda fəaliyyət göstərən "Polad" futbol akademiyasında çalışır və gənc istedadların yetişdirilməsi üçün bilik və bacarıqlarını gənc nəslə aşılamaqla məşğuldur.
Futbola yeni bir missiya ilə qayıtdığını deyən təcrübəli mütəxəssis, həm özünün hazırkı işləri, həm də ölkə futbolunda yaşanan son proseslər barədə maraqlı fikirlər səsləndirib.
- Bu yaxınlarda yenidən futbola qayıtdınız və fəaliyyətinizi uşaq futbolunda davam etdirirsiniz. Hazırda səhhətiniz necədir, işləriniz necə gedir?
- Allahın izni ilə hər şey geridə qaldı. Şükürlər olsun ki, tam sağlamlığıma qovuşa bildim. AFFA rəhbərliyinə, "Neftçi" və "Sumqayıt" klublarının rəhbərliyinə, eləcə də çiyin-çiyinə oynadığım futbolçu yoldaşlarıma – başda Qurban Qurbanov olmaqla, Ramiz Məmmədov, İlham Yadullayev, Füzuli Məmmədov, Kənan Kərimov və adlarını çəkmədiyim digər dostlarıma dərin təşəkkürümü bildirirəm. Onlar mənə çətin günlərimdə hərtərəfli dayaq və dəstək oldular.
Hal-hazırda ortaq dostumuzun sayəsində Sumqayıtda fəaliyyət göstərən "Polad" akademiyasında çalışıram. Orada həm məşqçilərə, həm də uşaq futbolçulara düzgün istiqamət verirəm ki, seçdikləri peşədə doğru addımlasınlar və irəli getsinlər. Təcrübəmizdən yararlanaraq futbolçulara bu sahənin incəliklərini aşılamaq istəyirik. Bu yöndə çalışırıq, uşaqlar da bizi həvəslə dinləyirlər və bu peşənin sirlərini sevə-sevə öyrənirlər
- Sumqayıt uşaq futbolunun mövcud potensialını və gələcək perspektivlərini necə dəyərləndirirsiniz?
- Sumqayıtda həmişə istedadlı futbolçular olub. Sumqayıt futbolu dedikdə öncə Tofiq Rzayev və Musa Bağırov yada düşür. Sumqayıt futbolunun keçmişi onların adı ilə bağlıdır. Onların qoyduqları irs və ənənə indi akademiyaya çevrilib. Qeyd etdiyim kimi, Sumqayıtda istedadlı futbolçular hər zaman olub və indi də yetişir. Çünki Sumqayıt fəhlə, zəhmətkeş şəhəri olub. Burada vaxtilə 10-dan çox zavod fəaliyyət göstərib. İdmançılar da daha çox zəhmətkeş ailələrdən çıxırlar. Lakin bu gün dünya futbolunda cırlaşma gedir, əvvəlki istedadlar yetişmir. Ola bilər ki, bu, texnologiyanın sürətlə inkişaf etməsi ilə bağlıdır. Buna telefon və bu kimi digər amillər də təsir edir. Məsələn, mən bu gün adi, sensorsuz telefondan istifadə edirəm. Çünki ağıllı telefon vaxt aparır, yaşayışıma və sevdiyim peşə ilə məşğul olmağa mane olur. İndi uşaqlar üçün bu kimi texnologiyalar əlçatandır və bu, onların fikirlərini yayındırır. Bizim dövrümüzdə belə şeylər yox idi, futbolla yatıb, futbolla dururduq. İndi isə vəziyyət tam fərqlidir.
- Geridə qalan mövsüm gərgin mübarizəyə səhnə oldu və "Sabah" tarixində ilk dəfə çempionluq sevinci yaşadı. Ötən çempionatı ümumi olaraq necə xarakterizə edərdiniz?
- Deməzdim ki, "Sabah" çempion oldu və buna tam layiq idi. "Qarabağ" ölkə çempionatından əlavə Çempionlar Liqasına da köklənmişdi. "Qarabağ" üç cəbhədə – Azərbaycan çempionatı, ölkə kuboku və Çempionlar Liqasında mübarizə aparırdı. Bundan düzgün şəkildə istifadə edən "Sabah" Azərbaycan çempionu oldu. Bu uğurun yenidən təkrarlanacağına inanmıram. Atalar misalında deyildiyi kimi, bir əldə iki qarpız tutmaq olmaz. Qarşına hansı məqsədi qoyacaqsansa, o istiqamətdə də irəliləyəcəksən. Həm ölkə çempionluğu, həm də Çempionlar Liqası hədəfi üçün geniş və güclü heyətə sahib olmalısan.
"Sabah"ın çempionluğuna gəlincə, düzgün iş gördülər, mübarizə apardılar. Özləri az səhv edərək, rəqiblərinin səhvlərindən yararlandılar və çempion oldular. Ölkəmizi avrokuboklarda təmsil edən bütün komandalara uğurlar arzu edirəm!
- Karyeranızın parlaq illəri həm futbolçu, həm də məşqçi kimi xidmət etdiyiniz "Neftçi" ilə bağlıdır. Ukraynalı mütəxəssis Yuri Vernidubun gəlişindən sonra komanda yenidən avrokuboklara vəsiqə qazandı. Sizcə, Vernidubun rəhbərlik etdiyi indiki "Neftçi" əvvəlkilərdən nə ilə fərqlənir?
- "Neftçi" rəhbərliyi çox düzgün bir addım atdı. Bu, mənim üçün də çox önəmli idi. Çünki istər futbolçu, istər məşqçi kimi komandanın uğurları üçün çalışmışam. Mən bir "Neftçi"liyəm. Baş məşqçi dəyişikliyindən sonra komanda elə bil qış yuxusundan oyandı. Futbolçular sanki başqa bir əyalət komandasında oynayırdılar. Yeni məşqçi onları ayıltdı, kim olduqlarını xatırlatdı. Mən gözləyirdim ki, gələn ilin komandasını yaradar, dərhal uğura imza ata bilməz. Amma o, işinə ciddi başladı, məsuliyyətlə yanaşdı. Özü formalaşdırmadığı komanda olmasına baxmayaraq, baş məşqçi kimi bacarığını ortaya qoydu. Yuri Vernidubun işini təqdirəlayiq qiymətləndirirəm. "Neftçi" ondan bərk yapışmalıdır, çünki artıq o, öz işini göstərdi. Əlbəttə ki, quracağı sistemə uyğun bəzi transferlər olmalıdır. Baş məşqçinin işini 10 ballıq sistemlə 10 xalla qiymətləndirirəm. Komandama uğurlar arzulayıram. İnşallah, qarşılarına qoyduqları məqsədə çatarlar.
- "Turan Tovuz"un son anda Konfrans Liqasından kənar qalmasına və ümumilikdə Tovuz futbolunun hazırkı durumuna münasibətiniz necədir?
- "Turan Tovuz" əyalət komandasıdır. Əyalət klubunun uğur qazanması sevindirici haldır. Ümumiyyətlə, Tovuzda həmişə futbol, futbola qayğı və sevgi olub. Azarkeş və meydança baxımından da problemləri yoxdur. Tovuz əsl futbol şəhəridir. Tarixən burada böyük futbolçular yetişib və bu proses indi də davam edir. Komandanın bugünkü uğurları sevindiricidir. Klub rəhbərliyinə təşəkkür edirəm. Onlar bunu Tovuz futbolu, futbolun gələcəyi naminə edirlər. Heç kim orada daimi deyil, hər kəsin bir dövrü var. Amma onların yaratdığı, qurduğu baza, stadion və akademiya gələcəkdə də qalacaq, yeni-yeni futbolçuların yetişməsinə töhfə verəcək. Buna görə onlara dərin təşəkkürümü bildirirəm, düzgün yoldadırlar. Baş məşqçi Kurban Berdiyevin heç təqdimata ehtiyacı yoxdur. Üzləşdikləri bəzi çətinliklərə görə mən də təəssüfləndim. Çoxları kimi mən də gözləyirdim ki, bu məsələdən sonra Tovuz futbolunda eniş yaranar, amma tam əksi oldu. Bu gün rəhbərlik yeni mövsümdə daha iddialı olmaq üçün nə lazımdırsa, artıqlaması ilə edir. Sevindirici haldır ki, biz yenə də Tovuz təmsilçisinin yüksək yerlər uğrunda mübarizə aparacağını görəcəyik.
- Yaxınlarda start götürəcək avrokuboklar marafonunda hansı təmsilçimizin daha uğurlu çıxış edəcəyini proqnozlaşdırırsınız? Sürpriz gözləyirsinizmi?
- Bu, futboldur. Futbolda sürprizlər olur. Bu gün dünya çempionatına baxırıq, kimlər gedir, kimlər qalır. Futbol sürprizlərlə dolu bir idman növüdür. Burada hər an, hər bir nəticəni gözləmək olar. Ona görə də qabaqcadan proqnoz verməyə tələsməyək. Hamısına uğurlar arzulayaq. Hər bir komandanın zəif yeri var, ondan yararlanıb düzgün şəkildə istifadə etməlidirlər. Az səhv edib uğur qazanmalıdırlar. Hamısına uğurlar arzu edirəm.
- Yeni mövsümdə Azərbaycan çempionatında nə kimi yeniliklər və sürprizlər gözlənilir? Sizcə, növbəti çempionluq və avrokuboklar uğrunda yarışda hansı komandalar daha şanslıdır?
- Yeni mövsümdə 4-5 komanda çempionluq uğrunda mübarizə aparacaq. Bunlar elə ötən mövsüm uğur qazanan komandalardır. Sürpriz komanda görmürəm. Ötən mövsümdə olduğu kimi, yeni mövsümdə də bu 5 komandanın arasında gərgin mübarizə gedəcək. Hansısa başqa klubların gəlib həmin yerlər uğrunda rəqabət aparacağını düşünmürəm. Çünki bunun üçün maliyyə və büdcə çox önəmlidir.
SAMİR













