“İmişli” növbəti mövsüm üçün yeni transferlərini açıqlayır. Klubun sosial şəbəkə paylaşımlarına baxanda elə təəssürat yaranır ki, sanki biz başqa planetdə yaşayırıq, futboldan bixəbərik və heç kimi tanımırıq. Yeni transferləri elə bir pafosla, elə şişirdilmiş epitetlərlə təqdim edirlər ki, adamın bişmiş toyuğu belə gülməkdən yerə düşür.

Gəlin, elə onların bu “qızıl” təqdimatlarından birinə nəzər salaq:

“Müdafiəmiz etibarlı əllərdə! Xoş gəldin, Bəxtiyar!”

Klub böyük fəxrlə bəyan edir ki, Azərbaycan millisinin üzvü, 29 yaşlı mərkəz müdafiəçisi Bəxtiyar Həsənalızadə artıq “İmişli”dədi. Görən, bilməyən elə bilər ki, komandaya Van Deyk gəlib.

Bəxtiyarın “millinin üzvü” kimi təqdim olunması isə ayrı mövzudu. Düzdü, o, 4 il əvvəl – Canni de Byazinin eksperimentlər dövründə yığmaya çağırılmışdı. 2022-də Moldova və Şimali Makedoniya ilə yoxlama matçlarında oynadı. 2023-cü ildə isə Avstriya ilə darmadağın olduğumuz oyunda 45 dəqiqə, Estoniyada qazandığımız 2:0 hesablı qələbədə isə cəmi 26 dəqiqə meydanda oldu.

İndi sual olunur: əgər Bəxtiyar doğrudan da bu qədər “etibarlı” müdafiəçidirsə, niyə ötən mövsüm formasını geyindiyi “Araz-Naxçıvan” onu heyətdə saxlamağa ehtiyac duymadı? Axı büdcəsi və nüfuzu “İmişli” ilə müqayisəolunmaz dərəcədə böyük olan Naxçıvan təmsilçisi niyə bu “etibarlı” bəndi əldən buraxdı?

Futbolda 2 il böyük zaman kəsiyidi. Canni de Byazi və Fernandu Santuş çoxdan tarixə qovuşub, heyət seçimi meyarları kökündən dəyişib. Bu gün “millinin üzvü” olmaq geniş siyahıda adının olması yox, məhz oyun təcrübəsi və hazırkı formadı. Bəxtiyar isə nəinki əsas heyətdə möhkəmlənə bildi, hətta millinin son toplanışına belə dəvət edilmədi.

Ona görə də, hörmətli klub rəsmiləri, yalançı pafosa ehtiyac yoxdu. Bəxtiyarı “millinin hazırkı üzvü” kimi qələmə verməkdənsə, “millinin keçmişi” kimi xarakterizə etmək daha düzgün və real olar. Çünki futbol ictimaiyyəti hər şeyi görür, klubun piar menecerlərinin gözlərinə pərdə çəkməsi yalnız gülüş doğurur.

Yeri gəlmişkən, bu klub  “ilin jurnalisti”ni də seçir. Əgər transferləri qiymətləndirdikləri məntiqlə jurnalist seçirlərsə, vay sizin halınıza!

Unutmayın ki, özünüzə nə qədər çəki versəniz də, reallıq dəyişməz qalır.

P.S. Qismət olsa, klubun "zəngin" təcrübəyə malik yeni məşqçi təyinatlarına da toxunacağıq )

SAMİR

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest