Əvvəllər veteran futbolçulara xüsusi simpatiyam vardı. Uşaqlıqdan televiziyada gördüyün məşhurlarla nə vaxtsa üzbəüz oturub, saatlarla söhbət edəcəyim heç vaxt ağlıma gəlməzdi. Zaman keçdikcə böyük əksəriyyətini yaxından tanımağa başladım. Onları dinləyib, kişidə paxıllıq dərəcəsinin göyün yeddinci qatında olduğunu anlayınca "kaş tanımazdım və xəyalımda elə qəhrəman kimi qalaydılar" dedim.

Sağlıqlarına qismət, baxırsan şəhərin mərkəzində evi, dəniz kənarında villası, bahalı avtomobili, normal maaş və təqaüdü, üstəlik, vəzifədə olan, evə nəinki çörək, hətta "ikra" pulu gətirən övladları da var. Tanrı hamısına can sağlığı versin! Amma bunun qarşısında yenə "ağlaşırlar". Dəfələrlə şahidi olmuşuq, sanballı müqavilələrə imza atanda mətbuat yada düşmür, jurnalistlərə yuxarıdan aşağı baxırlar. Bir balaca dara düşmək təhlükəsi hiss edincə özlərindən dəfələrlə az qazanan, nəvəsi yaşda jurnalistə "dolana bilmirəm" deyib, gözlərinin qarasını tökürlər. Aşığın sözü qurtaranda "nanay-nanay" dediyi kimi, bunların da pulu azalanda, "inkişaf, inkişaf" deyirlər.

İşlədiyi klubda 200 minlik müqaviləsi ola-ola, ürəyi başqa komandalarda olanları...
...Qurban Qurbanova yaradılan şərait mənə də yaradılsaydı, mən də qrupa düşərdim deyənləri...
...AFFA-dan maaş alıb, küncdə-bucaqda assosiasiya rəhbərliyinin qarasınca danışanları...
...Bir-birinin xanımına, bacısına göz dikənləri...
...Yaxşı qazanıb harınlayanda, 2-3 arvad saxlayanları...
...Danışılmış oyunların ən çox iştirakçısı olanları...
...Dələduzluğa görə həbsə atılanları və s... hamı çox yaxşı tanıyır. İndi onlar bizə səmimiyyətdən, şərəfdən, qeyrətdən dəm vurur, "futbolun inkişafı yollarını" göstərirlər. Sanki illərdi futbolda bunlar yox, biz olmuşuq.

Hansına yaxınlaşırsan, "bizim vaxtımızda futbol daha güclü idi" deyir. Bəlkə unutmusuz, SSRİ çempionatlarında qapazaltıya çevrilən siz deyildiz? Bəlkə "Neftçi", "Qarabağ" və "Qəbələ"nin avrokubokların qrup mərhələsinə düşməsində zərrəcə xidmətiniz var?

Kişi kişidən qorxmaz, amma utanar. Abır-həya yaxşı şeydi. öncə istədiyiniz qədər nəticələrinizə baxın. Utanmaq hissi varsa, utanın. Yoxdusa, susun, danışdıqca batırsız!

AFFA İcraiyyə Komitəsində də futbol veteranları var. Ən tanınmışları Kazbek Tuayev və İsgəndər Cavadovdu. Heç birinə söz demək olmaz, toxunulmazdılar.  Biri haqda Lev Yaşin yarızarafat söz deyib. O birisi də özünü bütün dövrlərin ən yaxşı futbolçusu sayır. Cavadova Şimal Regional Futbol Federasiyasından 1-2 çatışmazlıq söyləsən, "çernomorets"ə 86-cı ildə qayçı zərbəsi ilə vurduğu qolu xatırladacaq.

Keçmişə görə təşəkkür, amma indi təqaüd, nəvələrlə oynamaq zamanı ey futbolumuzun hörmətli veteranları!

Vaqif Sadıqov sanki uzun müddət baş nazirin müavini olmuş Abbas Abbasovdu. Bütün dövrlərdə özünü AFFA rəhbərliyinə sadiq göstərib.

Futbol veteranlarımızın əsl siması budu - güclünün yanında olmaq, yıxılana badalaq vurmaq, vəzifədəkilərə yarınmaq, pullulardan istifadə, cavanların qabağını kəsmək...

Gəlin görək, həm futbolçu, həm də məşqçi kimi Azərbaycan tarixində silinməz iz qoyan Kazbek Tuayev kimi canlı əfsanə, İsgəndər Cavadov kimi öz dövrünün ən yaxşı hücumçusu indiyəcən hansısa uşağın futbolçu olmasında, hansısa istedadın batmamasında, hansısa gəncin irəli getməsində zərrə qədər də rol oynayıbmı? İsgəndər bəyin başçısı olduğu Regional Futbol Federasiyası indiyəcən hansı faydalı iş görüb? Bilən varsa desin, biz də bilək.

Azərbaycan futbolunun ən böyük bədbəxtçiliklərindən biri də veteranlardır. Pullarını ver ...səslərini kəs. Odur ki, susun! Futbolumuza heç bir xeyriniz dəymir, heç olmasa, ziyankarlıq  etməyin!

İxtiyar ƏSGƏROV

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest