"Neftçi"nin prezidenti Kamran Quliyev "ağ-qaralar"ın səfərdə Rusiyanın "Arsenal" klubuna qalib gəldiyi Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. O, əvvəlcə görüş barədə fikirlərini bildirib.

- Bu, müstəqillik dövründə Azərbaycan klublarının Rusiya təmsilçisi üzərində ilk qələbəsidi. Bu münasibətlə hamını təbrik edirəm. Ancaq hesab edirəm ki, biz müharibəni yox, sadəcə, bir döyüşü udmuşuq.

- Bu sayda azarkeşin gəlməsi nə dərəcədə gözlənilməz idi?
- Gözlənilən idi. Onların bizi dəstəkləyəcəyindən xəbərimiz var idi. Sağ olsunlar, burda yaşayan soydaşlarımız da, Bakıdan gələn fanatlarımız da. "Neftçi" sevilən klubdu. Bu azarkeşlər 3000 km-lik yol qət edib, Moldovaya gediblərsə, bura niyə gəlməsinlər? Bilmək olmaz, bu mərhələni keçsək, bəlkə İsrailə də getdilər.

- Hər bir kəs oyundan əvvəl ürəyində bir proqnoz tutur. Kamran Quliyevin gözləntisi necə idi?
- Açığı, heç-heçəni arzulayırdım. Bu, bir hədiyyədi, amma bu qələbə qeyri-adi hal deyil. çünki biz zəif komanda deyilik.

- "Neftçi" Tulaya məlum səbəblərdən yorğun gəlmişdi...
- Futbolçularımız sərgilədikləri oyunla peşəkar olduqlarını sübuta yetirdilər. Bu cür hadisə istənilən klubun başına gələ bilərdi.

- Cari avrokubok mövsümündə "Neftçi" qol buraxmayan yeganə komandadı...
- Nəinki qol buraxmayan, komanda həm də keçirdiyi 3 oyunun hamısından qalib ayrılıb.

- Mərhələnin taleyi neçə faiz həll olunub?
- 50 faizi.

- Hər qələbə, hər keçilən mərhələ "Neftçi"nin büdcəsinin zənginləşməsi deməkdi. Mərhələ adlanacağı təqdirdə, yeni transferlər gözlənilirmi?
- "Neftçi" çətin dövr yaşadı. Hazırda bütün xərclərimizi yoluna qoymuşuq ki, nə mövsümün gedişatında, nə də sonra borclarımız olsun. Ancaq bu mərhələni adlaya bilsək, ola bilər ki, dediyiniz istiqamətdə addım ataq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest