"İlk oyundan fərqli, bizə daha çətin olacaq". Matc.az saytının məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Roberto Bordin deyib. Paytaxt klubu Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində sabah Tula "Arsenal"ını qəbul edəcək.

Oyunöncəsi mətbuat konfransında italiyalı mütəxəssis fikrini bu sözlərlə davam etdirib: "Sabah "Arsenal" dəyişikliklər etməyə, nəticəyə təsir göstərməyə çalışacaq. Rəqib güclü komandadı. Onlar ilk görüşdə də bunu nümayiş etdirdi. Geri çəkilmədilər və güclü olduqlarını göstərdilər. Bu üzdən də bizi çox çətin oyun gözləyir. Diqqətli olmalıyıq, sona qədər konsentrasiyanı itirmək olmaz".

- "Arsenal"ın İngiltərə yox, Rusiya təmsilçisi olduğunu və rəqibin avrokuboklarda debüt etdiyini nəzərə alsaq, "Neftçi"nin şansının daha yüksək olduğunu düşünmək olarmı?
- Bu iki komandanı müqayisə etməzdim. Hər klubun özəllikləri var. Tula "Arsenal" da güclü komandadı. Bunu ilk görüşdə göstərdilər. Bura vaxt itirməyə yox, gözəl oyun və uğurlu nəticə üçün gəliblər. İlk matçdan sonra cüzi də olsa üstünlüyümüz var. Sabah doğma azarkeşlərimizin önündə oynayacağıq. İlk dəqiqələrdən vuruşmaq lazımdı ki, istədiyimiz nəticəni əldə edə bilək.

- İlk oyunda rəqibi düzgün təhlil etməyiniz nəticəsində 1:0 hesablı qələbə qazandınız. Rəqib sizin mübarizə əzminizi artıq çözüb. Taktiki baxımdan sabah sizdən sürpriz gözləmək olarmı?
- Düzdü, qələbə qazanmışıq və bizə üstünlük verir. Amma düşünmürəm ki, sabah hansısa tərəfdən sürpriz olsun. Sadəcə, mübarizə aparmaq lazımdı ki, istədiyimiz nəticəni qazana bilək. Meydana ilk matçın nəticəsini düşünərək çıxmaq olmaz. Sabah Tuladakı görüşü unudacağıq.

- İlk oyunda Platellası ehtiyatda saxladınız və rəqib bu sürprizinizə hazır deyildi. Sabah onu start heyətində meydanda görə biləcəyikmi?
- Bu gün daha bir məşqimiz olacaq. Bundan sonra heyəti müəyyənləşdirib, sabahkı qarşılaşmaya hazırlayacam. Bir məşqçi üçün ən vacib amillərdən biri də bütün oyunçuların əlinin altında olmasıdı. Bizdə də belə olmasına sevinirik.

- Dabo qarşılaşmaya nə dərəcədə hazırdı?
- Dabo sabah oynayacaq. Düzdü, hələ tam hazır deyil, çünki bərpa prosesini keçir. Bunun sürətli formada keçməsinə sevinirəm. İntensiv məşqlər edir. Hər şey yaxşılığa doğru gedir.

- "Arsenal" avrokuboklarda debüt edir. Siz isə müntəzəm bu turnilərə qatılırsınız. Bu amil sizə üstünlük verirmi?
- Təcrübə hər zaman önəmlidi. İstər daxili çempionatda, istərsə də avrokuboklarda. "Arsenal"ın avrokubok təcrübəsi olmasa belə, biz Premyer Liqa klubuna qarşı çıxış edəcəyik. Rəqibin güclü futbolçuları və məşqçisi var.

- Rusiyada mövsüm artıq start götürüb. Sizcə, bu, "Arsenal"ın xeyrinədimi?
- üstünlük verə də bilər, verməyə də. Oyun praktikası hər zaman önəmlidi. Fiziki cəhətdən rəqibə üstünlük verir. Onlar üç turdu oynayırlar, fiziki cəhətdən daha hazırlıqlıdırlar. Bizdə ötən oyundan bu günə qədər dincəlmək üçün vaxt olub. Bu da bizə üstünlük verə bilər. Amma rəqib son bir həftə ərzində iki oyun keçirib. Bu, onların baş məşqçisini dəyişikliklər etməyə məcbur edir.

- Rusiyadakı oyundan əvvəl daha inamlı görünürdünüz, səfərə qələbə dalınca getdiyinizi demişdiniz. Ancaq bu gün ehtiyatlı danışırsınız. Rəqibin hansısa sürprizindən ehtiyatlanırsınız?
- Deməmişdim ki, Rusiyada 100 faiz qələbə qazanacağıq. Bildirmişdim ki, qələbə qazanmağa çalışacağıq.

- "Neftçi"də uzaq məsafədən zərbə vurmağa meyilli futbolçu azdı ki, bunlardan biri də Rəhman Hacıyevdi. Sabah Rəhmanı meydanda görə bilərikmi?
- Sizin sözlərinizdən belə çıxır ki, rəqibə yalnız uzaq məsafədən zərbələrlə cavab verməliyik? Bizim məqsədimiz 1:0 hesabını qorumaq deyil. öz oyunumuzu göstərib, uğurlu nəticə göstərmək istəyirik. Rəqibin sabahkı oyununa əsasən onlara cavab verməyə çalışacağıq. Rəhman komandanın aparıcı oyunçularından biridi. Lazım olanda ondan da yararlanacağıq. Rəhmanın ən yaxşı xüsusiyyətlərindən biri də uzaq məsafədən gözəl zərbələr vura bilməsidi. Bunu "Sperantsa" ilə görüşdə də gördük. Amma sabah isə "Arsenal"a komanda şəklində cavab verməyə çalışacağıq.

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest