İngiltərənin "Vest Hem" klubu heyətini yeni futbolçularla gücləndirib. Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Portuqaliyanın "Boavişta" klubunun müdafiəçisi Qonsalo Kardozonu transfer edib. 
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 19 yaşlı portuqaliyalı futbolçu ilə 5 illik müqavilə imzalanıb. "Boavişta"nın öz yetirməsi olan Kardozo geridə qalan mövsümdə bu komandanın heyətində 18 oyuna çıxıb.
 
"Vest Hem"in digər transferi isveçrəli hücumçu Albian Ayetidi. "Bazel"dən transfer olunan 22 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. "Bazel"in öz yetirməsi olsa da, 2016-cı ildə bu klubdan Almaniya təmsilçisi "Auqsburq"a transfer olunan futbolçu növbəti ili "Senkt-Qallen"də keçirib. 2017-ci ildə isə o, yenidən "Bazel"ə qayıdıb. İsveçrə yığmasında 3 oyun keçirən hücumçu 1 qolla yadda qalıb.
 
Kardozo "Vest Hem"də 20, Ayeti 27 nömrəli formanı geyinəcək.
 
Yeri gəlmişkən, "Vest Hem" gənc yarımmüdafiəçisi Qreydi Dianqananı da icarəyə göndərib. Klubun rəsmi saytının yaydığı məlumata görə, 21 yaşlı konqolu futbolçu qarşıdakı mövsümdə çempionşip təmsilçisi "Vest Bromviç"in uğurları üçün çalışacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest