İngiltərənin "Brayton" klubu heyətini yeni futbolçularla gücləndirib. Matc.az xəbər verir ki, İngiltərədə transfer pəncərəsinin son günündə sözügedən klub heyətinə iki yeni futbolçu qatıb, öz oyunçularından birini isə icarəyə göndərib.
 
Belə ki, "Brayton" "Haddersfild"in yarımmüdafiəçisi Aaron Muy ilə PSJ-nin gənc müdafiəçisi Romarik Yapini heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Sağ cinah müdafiəçisi mövqeyində çıxış edən Yapi İngiltərə klubu ilə 1 illik müqavilə bağlayıb. 19 yaşlı fransalı futbolçu Paris klubunun yetirməsi olsa da, əsas komandada forma şansı qazanmayıb.
 
29 yaşlı Muy isə "Bolton"un yetirməsidi. Avstraliya yığmasının yarımmüdafiəçisi karyerası ərzində "Sent Mirren", "Vestern Sidney Uonderers", "Melburn Siti" klublarının da uğurları üçün çalışıb. 2016-cı ildə "Mançester Siti"yə transfer olunan futbolçu, bu komandada debüt şansı qazanmayıb. Belə ki, Muy elə həmin il "Haddersfild"ə icarəyə göndərilib. 2017-ci ildə isə "Haddersfild" bu yarımmüdafiəçinin transfer hüquqlarına da yiyələnib.
 
"Brayton" bu transferlərdən sonra öz yarımmüdafiəçisi Beram Kayalı "çarlton"a icarəyə verdiyini açıqlayıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest