"Kəpəz" yeni mövsüm üçün hazırlığın ilk mərhələsini başa vurub. Matc.az xəbər verir ki, Gəncədə bir həftə müddətində məşq edən komanda üzvləri əsasən bərpaedici çalışmalar üzərində işləyib. 
 
Bu müddətdə məşqçilər korpusu həm də baxışda olan yeni futbolçuları nəzərdən keçirib. Bu gün isə "Kəpəz" təlim-məşq toplanışı üçün Bakıya yollanıb və paytaxtda məşqlərə başlayıb.
 
"Sarı-göylər" "Dalğa Arena"da hazırlıq keçəcək. Toplanış çərçivəsində Gəncə təmsilçisi 2 yoxlama oyunu keçirməyi planlaşdırıb.
 
Komandanın növbəti mövsümə hazırlığı ilə bağlı baş məşqçi Yaşar Vahabzadə klubun mətbuat xidmətinə açıqlama verib: 
 
"Bu ayın əvvəlindən məşqlərə başlamışıq. Son bir neçə gündə səhər və axşam olmaqla gündə iki dəfə hazırlıq keçmişik. Gəncədəki toplanışın son günündə ikitərəfli oyun keçirib uşaqlara bir daha baxdıq. Pis deyillər, vəziyyətləri qənaətbəxşdir, çalışdılar ki, özlərini ən yaxşı tərəfdən göstərə bilsinlər. Amma hələ çox işləməliyik. Bakıda gündə iki dəfə məşq edəcəyik. Səhərlər fiziki hazırlıq, axşam məşqlərində isə taktika üzərində işləyəcəyik. Futbolçuların taktiki biliyi o qədər də yaxşı səviyyədə deyil. Paytaxtda bizə yeni uşaqlar da qoşulacaqlar. Toplanışda onlara baxacağıq. Hər bir mövqeyə oyunçu lazımdır".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest