Müğənni Afaq Aslan müsahibəsində şou-biznesdən yox, bu dəfə idmandan danışıb. Matc.az xəbər verir ki, məşhur portuqaliyalı Ronaldonun bəyənmədiyini bildirən müğənni "Beşiktaş"ın sabiq futbolçusu Paskal Numadan mesaj aldığını bildirib.
- Uzun illər fitnesslə məşğul olmuşam, peşəkar səviyyədə. İdmanı sevirəm, xüsusən fitness mənə həyat tərzi kimi gəlir. Sadəcə, son 2 ildə səhhətimdə yaşadığım problemdən dolayı idmana ara vermişdim. Artıq yaxın zamanlarda yenidən məşğul olmağa başlayacam.
- Hansı idman növlərini izləyirsiz, hansıları sevirsiz?
- Voleybol, basketbol, bir də qaydasız döyüşü çox sevirəm, izləyirəm. Mənə ən maraqsız gələni isə futboldu. Heç vaxt futbol azarkeşi olmamışam, oturub nə vaxtsa futbola baxmamışam.
- İzlədiyiniz idman növlərində azarkeşi olduğunuz komanda-idmançı var, yoxsa, sadəcə, tamaşaçı kimi sevirsiz?
- Var, əlbəttə.
- Kimlərdi?
- Misal üçün, 2 ermənini məğlub edərək Avropa oyunlarının qalibi olmuş Hacı Əliyevi çox bəyənirəm, əla güləşir. Xaricilərdən isə Həbib Nurməhəmmədovun döyüş üslubu çox xoşuma gəlir.
- Hacı Əliyevlə şəxsən münasibətiniz var?
- Əlbəttə, şəxsən tanışıq, çox yaxın dostumdu və ən çox hörmət bəslədiyim insanlardan biridir. Amma əgər şəxsi münasibət mənasında nəzərdə tutursuzsa, düzünü deyəcəm, idmançılar heç vaxt mənim diqqətimi çəkməyiblər. Zaman-zaman oyunlarını bəyəndiyim, izlədiyim idmançılar olub, amma şəxsi müstəvidə mənə maraqlı gəlmirlər.
- Afaq xanım, siz Azərbaycanda şou-biznes aləmində gündəmdən düşməyən şəxslərdənsiz. Ola bilməz ki, azərbaycanlı və ya xarici idmançılardan sevgi mesajı almayasız.
- Nə danışırsız, çox-çox məşhur idmançılardan sevgi-etiraf mesajları almışam. Hətta dünyaca tanınmış futbolçu da mənə sevgisini bildirib. Amma bayaq dediyim kimi, heç bir vaxt arzulamamışam ki, idmançı sevgilim olsun.
- Sizə sevgi mesajı yazan idmançıların-futbolçunun kimliyi maraqlıdır...
- Ad çəkmək istəmirəm. çünki həmin insanların içərisində hazırda evli olanı, həyatında başqa qadın olanları var.
- Onda xarici futbolçunun adını deyin. çünki onlarda belə problem olmur.
- Bilirsiz, cazibədar xanımam, heç kim yan keçmək istəmir. Hər kəs öz aləmində məni ələ keçirməyə çalışır, sevgisini etiraf edir ki, bəlkə ox hədəfə dəydi (gülür). Amma başa düşmürlər ki, hər atılan ox hədəfə çatmaz. Ona görə aldığım sevgi mesajları çoxluq təşkil edir.
- Təbii ki, gözəlliyiniz, cazibəniz və bədən quruluşunuz hamının diqqətini çəkir. Amma konkret ad çəkmədiz. Şou-biznesdə hansı xanımı dindirsək, idmançılardan mesaj aldığını deyəcək. Ad çəksəz, oxucularımız üçün də maraqlı olar.
- Bir zamanlar "Beşiktaş"da oynamış Paskal Numa.
- Onunla münasibətiniz olub?
- Xeyr, heç vaxt. Sadəcə, bir neçə dəfə tədbirlərdə qarşılaşmışıq, bir yerə düşmüşük, birlikdə şəkil çəkdirmişik, vəssalam. Mətbuat da bir ara sevgili olduğumuzu yazmışdı. Ancaq az əvvəl dedim, nə vaxtsa idmançı ilə sevgili olmağı arzulamamışam.
- Maraqlıdı, idmançılar da adətən diqqətçəkən bədən quruluşuna sahib olurlar. Nə əcəb hansısa idmançı xoşunuza gəlməyib?
- Orası elədi. Amma mənim də münasibət qurduğum, aşiq olduğum insanlar heç də zəif bədən quruluşlu olmayıblar (gülür). Sırf idmançılar çox da diqqətimi çəkmir. çox adamdan sevgi etirafı alsam da, elə bir qadınam ki, kişi mənim diqqətimi yalnız ağlı-zəkası, yüksək mədəniyyəti, alicənablığı və diqqətcil olması ilə özünə çəkə bilər.
- Azərbaycanlı futbolçulardan tanıdığınız, hansısa tədbirdə rastlaşdığınız, dost olduğunuz var?
- Var, Kamran Ağayev.
- Kamranla necə, harada tanış olmusuz?
- Şəxsi münasibətimiz yoxdur. Onunla tədbirlərdə, toy şənliklərində tez-tez rastlaşırıq. Bilirəm ki, Kamran Ağayev xanımlar tərəfindən çox sevilən bir futbolçudu.
- Bəs siz?
- Mənim diqqətimi Uill Smit (aktyor-kinorejissor), məşhur beysbolçu, Cennifer Lopesin sevgilisi Aleks Rodirges kimi kişilər çəkir. Xarizmatik, kişi tipi. Həmişə istəmişəm ki, Smit kimi sevgilim və həyat yoldaşım olsun.
- Kriştiano Ronaldonu tanıyırsız?
- Tanıyıram, amma mənim zövqümə deyil.
sportinfo.az