"Sumqayıt"ın prezidenti Riad Rəfiyev Premyer Liqanın II turunda evdə "Səbail"ə 0:3 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Matc.az xəbər verir ki, Rəfiyev matçın baş hakimi Vüqar Həsənlini qərəzli idarəçilikdə günahlandırıb.

- Məğlub olmağımızın səbəbini hakimdən soruşsaz, daha yaxşı olar.  Hamıdan yaxşı o bilir. Ən yaxşısı məndən yox, hakimdən soruşun.

- Demək istəyirsiz ki, ilk dəqiqədəki epizod həlledici oldu?
- Əlbəttə.

- Ancaq oyunun sonlarında lehinizə penalti də verdi...
- 90+6-cı dəqiqədə? Hesab 0:3 olarkən bizim lehimizə belə qərar vermək lazım deyil. Penaltiləri qayda pozuntusu olanda vermək lazımdı.

- Hakimə haqq qazandırmıram. Ancaq şəxsən mənə görə, "Sumqayıt" bu gün futbol oynamadı...
- Mən sizin fikrinizə hörmətlə yanaşıram. Hər insanın öz fikri var. Mənim fikrimcə isə bu gün uduzmağımızın yeganə səbəbkarı  hakimdi.

- Bununla bağlı oyunun protokolunda hər hansı etiraz yazılacaq?
- Əlbəttə, yazılacaq.

- Cəmi 2 tur geridə qalsa da, hakim səhvləri olur. Bununla bağlı AFFA Hakimlər və Hakim-İnspektorlar Departamentinə müraciət etməyi düşünürsüz?
- Bunu danışmışıq, bilirik. Təki, qərəz olmasın. Amma belə epizodları hakim görmürsə, başqa nə deyəsən?

- Bunu qərəz hesab etmək olar, yoxsa, sadəcə, səhv idi?
- Mənim fikrimcə, hakim qərəzli idi.

- "Sumqayıt" kimi komanda birinci dəqiqədəki epizoddan sonra belə sınmalı idi?
- Birinci dəqiqədə rəqibin oyunçusuna qırmızı vərəqə verilmədi. Bir dəqiqə sonra təmiz penaltimiz verilmədi. 3 dəqiqə sonra qapımıza penalti təyin edir. Bunlar hamısı yekunda komandamıza təsir edir. Futbolçular da adamdırlar. Onların da psixologiyası var.

- Oyun göstərdi ki, yarımmüdafiə xəttində çıxış edən gənclər təzyiq altında oynaya bilmirlər. Yeni transferlər gözlənilirmi?
- özünüz vəziyyətin necə olduğunu bilirsiz. Yarımmüdafiə xəttinə futbolçu lazım olduğunu deyirsiz. Bir oyunçu adı çəkin ki, biz gətirə bilərik, amma gətirmirik. Bilirsizsə, deyin. Bəlkə mən tanımıram. Yerli uşaqlarla oynamağa məcburuq. Bəzilərinin transferi alınmayıb. Elələri də var ki, onlarla danışırıq. Bəzi klublar yüksək təzminat tələb edir. Bəzi oyunçuların isə səviyyəsi Premyer Liqadan aşağıdı.

- Paltardəyişmə otağında futbolçularla söhbət etdiz. Maraqlıdır, nə dediz?
- Klubun daxili məsələsidi.

- Bildiyimiz qədərilə baş hakim vaxtı ilə "Şərurspor"un futbolçusu olub. O "Şərurspor" ki danışılmış oyunlara görə dağılıb...
- Mən bu barədə heç nə deyə bilmərəm. çünki məlumatım yoxdu. Sadəcə, şəxsi fikrimi dedim ki, hakim qərəzli idi. öz fikrimi səsləndirməyə ixtiyarım var. Demirəm ki, hakim sırf belədi. öz fikrimi bildirirəm. Harda futbol oynayıb, nə edib, bilmirəm.  

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest