Bu gün Bakı Konqres Mərkəzində Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, UNICEF və Niderland Krallığının ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı, Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyinin dəstəyilə forum keçirilib. Matç.az AFFA-nın saytına istinadən xəbər verir ki, tədbir qızların ictimai həyatın müxtəlif sahələrində daha aktiv olması, yeniyetmələrə cəmiyyətdə uğur qazanmaq imkanları vermək üçün daha nələrin həyata keçirilə biləcəyinin müzakirəsinə həsr olunub.

"QızlarBacarır Gənclər Forumu"nda ilk çıxış edən AFFA-nın baş katibi Elxan Məmmədov tədbirlə bağlı ətraflı məlumat verib: "Qızlar idman sahəsində fəaliyyət göstərmək imkanı qazandıqda, oğlanlardan bacarıqsız olmaları ilə bağlı yanlış təsəvvürləri, stereotipləri aradan qaldıra bilərlər. İdman da təhsil kimi qızların cəmiyyətdə bərabər iştirakçılara çevrilməsinə köməklik göstərmək gücünə malikdir".

UNICEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardine də çıxışında qızların uğuruna toxunub: "Qızlar uğur qazananda biz hamımız qalib oluruq. Yeniyetmə qızları öz icmalarının həyatında tam və qurucu rol oynamaq üçün ehtiyac duyduqları bacarıqlar və imkanlarla təmin etmək məqsədilə gücləndirmə və onlarla işləmə həm də daha sağlam ailələr, daha güclənmiş iqtisadiyyatlar və daha bərabər cəmiyyətlər ortaya çıxara bilər. öz insan kapitalını yaratmaq məqsədinə bağlı olan bir xalq üçün qızların və gənc qadınların gücləndirilməsi təkcə düzgün deyil, eyni zamanda, ağıllı hərəkətdir".

Forumda AFFA ilə UNICEF-in birgə təşkilatçılığı ilə "Qızlar bacarır" mövzusunda çəkilmiş videoçarxlar nümayiş olunub. Sonra Forumun moderatoru Rəşad Bayramov səhnəyə "Qadınların cəmiyyətdə rolu" mövzusunda 1-ci panelin iştirakçıları olan Ailə, Qadın və Uşaq Probleməri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanı, Milli Məclisin deputatı, AFFA-nın birinci vitse-prezidenti Rauf Əliyevi və təhsil nazirinin müavini, AFFA-nın İcraiyyə Komitəsinin üzvü Firudin Qurbanovu dəvət edib. çıxışçılar mövzu ilə bağlı ətraflı çıxış etdikdən sonra tədbirdə iştirak edən tələbələrin suallarını cavablandırıblar.

Forumun 2-ci panelində "Qadınların siyasət və təhsildə rolu" mövzusunda müzakirələr aparılıb. Bu paneldə Milli Məclisin deputatı Sevinc Fətəliyeva, Niderland Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Onno Kervers, UNICEF-in Əsas Həyat Bacarıqları üzrə beynəlxalq məsləhətçisi Mişel Mey və gənclər və idman nazirinin müavini Fərhad Hacıyev fikir mübadiləsi aparıblar.

Sonuncu – 3-cü panelin iştirakçıları isə Forumun əvvəlində nümayiş etdirilən videoçarxların qəhrəmanları – qadınlardan ibarət Azərbaycan millisinin kapitanı olmuş Əminə Heydərova, ixtiraçı Reyhan Camalova, Fövqəladə Hallar Nazirliyində xilasedici çalışan Sima Səfərova və şair-yazıçı Leyli Salayeva olub. "Bizim qəhrəmanlar" adlı paneldə onlar özlərinin uğur hekayələrini bir daha iştirakçıların diqqətinə çatdırıb, sualları cavablandırıblar.

Qeyd edək ki, forum gender bərabərliyini təbliğ etmək və daha çox qızı həyatın bütün sferalarında öz fərdi bacarıq və istedadlarını nümayiş etdirməyə ruhlandırmaq məqsədilə təşkil olunub. UNICEF və AFFA qızların inkişafını və cəmiyyətdə fəallığını dəstəkləmək (o cümlədən təhsil, eləcə də inklüziv və bərabər idman proqramları vasitəsilə) məqsədilə 2011-ci ildən etibarən birgə fəaliyyət göstərir. UNICEF bu birgə proqram vasitəsilə gənc futbolçuları öyrədir (10-21 yaşlı təqribən 1000 futbolçu qız sağlam həyat tərzi keçirir), əsas həyat bacarıqlarını və uşaq hüquqlarına dair məlumatları çatdırır və gənclərin öz yoldaşları, ailələri və icma üzvləri ilə ünsiyyətinə kömək etmək məqsədilə onlarla çalışır.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest