"Çempionatda fasilə olacaq. "Qəbələ" hazırkı vəziyyətdən çıxacaq potensiala malikdir. Yeni baş məşqçinin gəlişindən sonra komandada böyük motivasiya olacaq. Məhz bizimlə oyunda yüksəlişə keçmək istəyəcəklər. Biz də bunun qarşısını almaq üçün, fasilə zamanı yaxşı hazırlaşmaq istəyirik"

"Sabah"ın yarımmüdafiəçisi Coşqun Diniyevin Premyer Liqanın III turunda "Zirə"yə qarşı keçirilən görüşdən sonra müsahibəsi

 - Görüşü necə dəyərləndirirsən? 

- üç xal üçün gəlmişdik. İlk yarıda məqsədimizə yaxın idik, ikinci hissədə üç xalı əldən verdik. Son dəqiqələrdə qol buraxdıq və öz günahımızdan xallar itirdik. Müdafiəyə çox oturmuşduq. Gec-tez qol buraxacaqdıq, çünki rəqib çox hücum edirdi. Təəssüf ki, belə alındı.

- Elşad Əhmədovun tapşırığı ilə ikinci yarıda müdafiəyə çəkildiniz, yoxsa qol buraxmamaq üçün bunu edirdiz?

- Baş məşqçinin belə bir xüsusi tapşırığı yox idi. "Keşlə"yə uduzduqdan sonra bu turda qalib gələrək, üç xal qazanmaq istəyirdik. Bir xal bizi qane etmirdi. Hesabda öndə olan komanda ehtiyatlı oynamalıdır. Biz də belə oynadıq. Rəqib təzyiqi artırdı, dəyişikliklər etdilər. Məcbur olub müdafiəyə oturduq və "Zirə" vurduğumuz qola cavab verdi.

 - Hiss olunur ki, komandada xətlərarası anlaşmada problemlər var. Həm də qeyri-sabit oynayırsız.  Bunu nə ilə əlaqələndirirsən?

- Xətlərarası anlaşmada böyük problemlər olduğunu deməzdim. Kollektivdəki uşaqların əksəriyyəti yerli gənclərdir və biz özümüzü sübut etmək istəyirik. Komandanın qarşısında məqsədlər var, buna çatmaq niyyətindəyik. Ola bilər ki, bəzən həyəcan, bəzən anlaşılmazlıq olur. Bəlkə də buna görə üç xal qazana bilmirik. Halbuki biz ilk yarıda çox yaxşı oynadıq. 

 - Legionerlərin komandaya öyrəşmədiyini demək olar?

- Bunu baş məşqçidən soruşmağınız daha məqsədəuyğundur. Ancaq mənə görə onlara hələ vaxt lazımdır. 

 - Qarşıdakı turda "Sabah" cari mövsüm heç də yaxşı günlərini yaşamayan "Qəbələ" ilə qarşılaşacaq...

- çempionatda fasilə olacaq. "Qəbələ" hazırkı vəziyyətdən çıxacaq potensiala malikdir. Yeni baş məşqçinin gəlişindən sonra komandada böyük motivasiya olacaq. Məhz bizimlə oyunda yüksəlişə keçmək istəyəcəklər. Biz də bunun qarşısını almaq üçün, fasilə zamanı yaxşı hazırlaşmaq istəyirik.

 - Millimizi qarşıda Uels və Xorvatiya ilə oyunlar gözləyir. Yığmaya dəvət olunanlar arasında sənin adın yox idi. Yenidən milliyə qayıtmaq istərdin? 

- Təbii ki. Millidə oynamağı hamı istəyir. Amma qərar baş məşqçinindir. Onlara uğurlar arzu edirəm.

 - Hazırda milliyə kömək edəcək gücdəsən?

- Bir oyunla milliyə layiq olub-olmamağın ölçülmür. Ola bilər ki, bir  görüşdə öz günündə olasan, başqa oyunda olmayasan. Milliyə dəvət alsam, meydanda can qoymağa hazıram. Yığmaya dəvət etsələr mənim üçün şərəfdi, çağırmasalar da nə deyək? Allah canların sağ eləsin. sportinfo.az

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest