"Football Leaks"in araşdırmalarına görə, FİFA prezidenti Canni İnfantino qanunsuzluğa yol verib. Matç.az saytı xəbər verir ki, şirkət İnfantinonun hələ UEFA-nın baş katibi olduğu dönəmdə "Mançester Siti" və PSJ-yə yardım etdiyi iddiasını ortaya atıb.

Bildirilir ki, Orta Şərqin ən zəngin insanlarının sahibi olduğu adıçəkilən klublar 2011-2013-cü illərdə ciddi büdcə problemi ilə üzləşiblər. Normal şərtlər altında onlar Maliyyə Feyr-Pley qaydalarını pozduqları üçün çempionlar Liqasına buraxılmamalı idilər.

PSJ Qətər Turizm Nazirliyi ilə sponsorluq müqaviləsinə əsasən həmin dövrdə büdcəsinə 215 milyon avro əlavə edərək, cəzadan canını qurtarıb. Halbuki UEFA tərəfindən təyin edilən mütəxəssislər müqavilənin real bazar dəyərinin 2,8 milyon avro olduğunu bildiriblər. "Mançester Siti"nin isə 233 milyon avroluq ziyana uğradığı üzə çıxıb ki, bu da UEFA-nın qoyduğu 45 milyonluq limitdən 5 dəfə çoxdu.

Maraqlıdı ki, İnfantino hər iki klubun qayda pozuntularından xəbərdar olub. PSJ 1,8 milyard, "Mançester Siti" isə 2,7 milyard avroluq yatırım xərcləsələr də, Maliyyə Feyr-Pleyinə ilişməyiblər. Fransızlar bu ölkənin keçmiş prezidenti Nikola Sarkozi və UEFA-nın sabiq rəhbəri Mişel Platininin köməyi, ingilislər isə İnfantinonun köməyi ilə cəzadan xilas olublar.

"Football Leaks"in hazırladığı sənədə əsasən, İnfantino həmin vaxt klubların xeyrinə qərarlar çıxmasına çalışıb və buna nail olub. FİFA-nın hazırkı prezidentinin o dönəmdə klub rəhbərləri ilə gizli görüşləri də baş tutub. 2014-cü ilin mayında isə hər iki klub UEFA ilə razılaşıb və bu olayların heç bir mənfi təsiri olmayıb. Qısa müddət sonra hər iki klub barədə araşdırmaya başlayan Maliyyə Feyr-Pleyinin istintaq komitəsinin şotlandiyalı rəhbəri Brayan Kuinn vəzifəsindən istefa verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest