"Monako"nun hücumçusu Radamel Falkaonu Türkiyəyə gətirən "Qalatasaray" heyətini daha iki yeni futbolçu ilə gücləndirməyə hazırlaşır. Matc.az xəbər verir ki, İstanbul nəhəngi "Brayton"dan Florin Andoneni, "Sauthempton"dan isə Mario Leminanı heyətinə qatmaq üzrədi.

Falkaonu birdəfəlik transfer edən "sarı-qırmızılar" Andone ilə Leminanı icarəyə götürəcəyini açıqlayıb. Artıq sözügedən klublarla rəsmi danışıqlara start verilib. Lemina ilə Andonenin qısa zamanda İstanbula gələrək icarə müqaviləsinə imza atması gözlənilir.

Rumıniya yığmasının da şərəfini qoruyan Andone "Brayton"da 2018-ci ildən çıxış edir. 26 yaşlı hücumçu daha öncə "Kastelyon", "Vilyarreal", "Atletiko" (Baleares), "Kordoba" və "Deportivo"da da forma geyinib.

Qabon yığmasının yarımmüdafiəçisi Lemina isə 2017-ci ildən "Sauthempton"dadı. 26 yaşlı futbolçu karyerası ərzində "Loryen", "Marsel" və "Yuventus"un uğurları üçün çalışıb.

Yeri gəlmişkən, "Qalatasaray" öz hücumçusu Mbaye Dianeni də icarəyə verib. Belə ki, İstanbul klubu rəsmi saytı vasitəsilə seneqallı forvardın Belçika "Brügge"sinə keçidini açıqlayıb. ötən mövsüm "Kasımpaşa"dan transfer olunan 28 yaşlı futbolçu qarşıdakı mövsümü məhz "Brügge"də icarədə keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest