"Daim oynamaq, ən yüksək səviyyədə çıxış etmək istəyirəm. Bu baxımdan "Qarabağ" yaxşı variantdı".  Matc.az xəbər verir ki, bunu Azərbaycan çempionu "Qarabağ"ın yeni transferi Asmir Beqoviç deyib.

Bosniya və Herseqovina millisinin qapıçısı Ağdam klubuna keçidinin səbəbini açıqlayıb. Uzun müddətdi İngiltərənin "Bornmut" klubunun heyətinə düşə bilməyən Beqoviç ehtiyatda qalmamaq üçün komandasını dəyişdiyini qeyd edib: "Qarabağ" ciddi ənənələrə malik ciddi klubdu. Daim daxili arenada mükafatlar üçün mübarizə aparır. Bu klubun Avropa Liqasının qrupunda oynaması da seçimimdə rol oynadı. Yanvara qədər bu klubda xeyli sayda oyun keçirəcəyimi düşünürəm ki, bu da mənim xeyrimə olacaq".

Beqoviç "Qarabağ"da Avropa Liqasında uğur gözlədiyini bildirib: "Mən yeni komandamın "Linfild"lə matçını izlədim. Həmin görüşdə onlar qrupa vəsiqə qazandı. Bu da şübhəsiz ki, uğurdu. çətin qrupa düşmüşük. "Sevilya"dan danışmağa dəyməz. Pley-offda "Ayaks"a xeyli çətinlik yaşadan APOEL və asan rəqib olmayan "Düdelanj" da bizimlə eyni qrupdadı. Amma düşünürəm ki, "Qarabağ" bütün rəqiblərinin öhdəsindən gələ bilər. "Qarabağ"a keçidim çox sürətli alındı. O qədər də vaxtım olmasa da, bir neçə nəfərlə söhbət etdim. Yalnız ən yaxşı sözləri eşitdim. Ciddi klub, gözəl şəhər, möhtəşəm mədəniyyətə malik inkişaf etmiş ölkəyə gedirəm. Yeni komandama cümə axşamı qoşulacağam".

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest