Avropa çempionatının seçmə mərhələsində IV oyununu keçirən Azərbaycan millisi yenə meydanı məğlub tərk etdi. Xorvatiyada olduğu kimi, Uelsdə də yerli komandaya çətin anlar yaşadan yığmamız rəqibə sona qədər müqavimət göstərsə də, xal qazanmaq şansını son dəqiqələrdə əldən verdi - 1:2.

Baş məşqçi Nikola Yurçeviçin meydana buraxdığı start düzülüşü yerində idi. Bədavi Hüseynov və Rahil Məmmədovun yoxluğunda xorvatiyalı mütəxəssis kapitan Maksim Medvedevi müdafiənin mərkəzinə çəkmişdi. Əsas məsələ rəqibin lideri Qaret Beyli "bağlamaq" idi ki, Yurçeviç bunun yolunu tapmışdı. çalışdırıcı iki sol cinah müdafiəçisini eyni anda meydana buraxmaqla mövsümə əla formada başlayan Beyli tamamilə zərərsizləşdirmişdi. üstəlik, Riçard Almeyda, bəzən isə Dmitri Nazarov da onlara kömək edirdi.

Yığmamız rəqibin sağ cinahını oyundan "qopardığı" üçün britaniyalılar hücum qurmaqda çətinlik çəkirdilər. Uelsin qapımıza yaxınlaşa bilmədiyi və hər şeyin istədiyimiz kimi getdiyi bir vaxtda Pavel Paşayev onların bacarmadığı işi gördü, uğursuz toxunuşla topu özü qapımıza göndərdi. Halbuki həmin epizodda qapımız qarşısında həyəcanlı an da yox idi.

ümumilikdə komandamızın topla çox oynamayacağı bəlli idi. Ancaq həddən artıq müdafiəyə qapanmaq topa sahib olarkən sürətli əks-hücumların başlamadan bitməsinə gətirib çıxarırdı. Təsadüfi deyil ki, yığmamız meydana 4-2-3-1 düzülüşü ilə çıxsa da, rəqib top çevirəndə, yəni qarşılaşmanın böyük hissəsini 5-4-1 kimi keçirdi.

Millimizin çox irəli çıxmadığını görən uelslilər ikinci hissənin əvvəlində müdafiəni unudub, bütünlüklə ikinci qol axtarışına çıxmışdı. Bu isə onlara baha başa gəldi. İki nəfərlə irəli çıxan komandamızda Ramil Şeydayevin gözəl ötürməsini Mahir Emreli iki cəhddə qola çevirdi.

1:1 hesabı meydan sahiblərində təlaşa səbəb olmuşdu. Onların cəhdləri bir nəticə də vermirdi. Ancaq Almeyda ilə Rəhimovun əvəzlənməsi Kardiffdən xalla qayıtmaq arzumuzun üstündən xətt çəkdi. çünki sonradan meydana daxil olan Rəşad Eyubovla Təmkin Xəlilzadə onların işini layiqincə davam etdirə bilmədilər. Almeydanın əvəzlənməsindən sonra heç kim topu ayağında saxlayıb, komandanı rahatlatmağı bacarmadı. Təmkin isə 73 dəqiqə meydanda vurnuxan Beylin əl-qolunun açılmasına şərait yaratdı. Nəticədə rəqibin təzyiqi getdikcə artdı və matçı yüksək səviyyədə keçirən Səlahət Ağayevin 84-cü dəqiqədə çıxışdakı kobud səhvi həlledici oldu. Cəmi 15-20 dəqiqə öz oyununu sərgiləməyi bacaran Beyl həlledici qolla komandasının qəhrəmanına çevrildi.

Səlahət Ağayev - Komandamızın müdafiədən oynaması qapıçının yükünü birə-beş artırmışdı. Son dəqiqələrə qədər çərçivədə əla görünən Ağayevin 84-cü dəqiqədəki kobud səhvi yığmamızı 1 xaldan məhrum etdi.

Bəhlul Mustafazadə - Bu mövsüm əla performans ortaya qoyan gənc futbolçu vahiməli Kardiff stadionunda da rahat idi. Düzgün yer seçimi sayəsində rəqibin bir çox uzun ötürmələrinin, eləcə də cinah asmalarının qarşısını kəsdi. Yalnız buraxılan ikinci qolda yanlış qərar verməklə Beyli tək qoydu. Amma ümumilikdə yığmamızın ən yaxşılarından idi.

Maksim Medvedev - Bəhlul "ikinci mərtəbə"də etibarlı idisə, kapitan da yerlə ötürmələri sovuşduraraq, müdafiənin mərkəzindəki tandemi tamamlayırdı. Məğlubiyyətə baxmayaraq, Maksimin çıxışını yüksək qiymətləndirmək lazımdı.

Anton Krivotsyuk - Əsas işi Qaret Beyli zərərsizləşdirmək idi. Təbii ki, bunu təkbaşına etmək mümkün deyildi. Komanda yoldaşlarının köməyi sayəsində vəzifəsinin öhdəsindən layiqincə gəlirdi. Ancaq Şəhriyar Rəhimovun əvəzlənməsindən sonra Anton da sanki oyundan qopdu.

Pavel Paşayev - Uels onun qərarlaşdığı cinahdan çox həmlələr etmədiyindən, üzərinə yük düşmürdü. Ancaq 26-cı dəqiqədə topa həvəskar toxunuşu səhvsiz və ümidli keçən oyunu alt-üst etdi. Avtoqoldan sonra özünə gələ bilməyən Paşayev nə düz-əməlli müdafiə oluna, nə də dəqiq ötürmə verə bilirdi.

Qara Qarayev - Oyun praktikasından əziyyət çəkməsinə baxmayaraq, heç də pis təsir bağışlamırdı. Düzdü, Uels ağırlığı cinahlara qoyduğundan, mərkəzdə Qaraya çox iş düşmürdü. Ancaq geridən oyun qurmaqda Almeydaya lazımınca köməklik göstərirdi.

Riçard Almeyda - Rəqib matçı əsasən hücumda keçirdiyindən, Almeyda daha çox müdafiəyə kömək etməklə məşğul olurdu. Doğrudu, ayağında top saxlayır, komanda yoldaşlarını ötürmə ilə təmin edirdi. Ancaq meydanın mərkəzini çox keçə bilmirdi. Passivində sarı vərəqənin olması və rəqibin təzyiqi artırması səbəbindən Yurçeviç ikinci hissədə "qırmızı"dan qaçmaq üçün onu əvəzlədi.

Dmitri Nazarov - Orta sahədəki "trio"nun ən zəifi saymaq olar. Doğrudu, o da bir qədər geridən oynamalı olurdu ki, belədə vaxtında irəli çıxmaqda çətinlik çəkirdi.

Şəhriyar Rəhimov - Beylin zərərsizləşdirilməsində Krivotsyuka əvəzsiz köməyi dəydi. Yarımmüdafiədə yer almasına baxmayaraq, hücum baxımından ciddi heç nə ilə yadda qalmadı. Onsuz da, əsas vəzifəsi rəqibin sağ cinahının bağlanmasına kömək olmaq idi ki, bunun da öhdəsindən gəlirdi. Ta ki zədələnənə qədər. Oyunu davam etdirə bilmədiyindən, 73-cü dəqiqədə əvəzlənməli oldu.

Mahir Emreli - Sağ cinahda yer alan Mahir də top qəbul etmək üçün çox geri gəlməli olurdu. Bu, rəqibin təzyiqi və komandamızın müdafiədə çox qalması ilə əlaqədar idi. Belə vəziyyətdə isə rəqib qapısına yaxınlaşması və müdafiəçilərinə çətin anlar yaşatması çətin idi. Yalnız 59-cu dəqiqə bu baxımdan istisna oldu. Ramil Şeydayevin əla ötürməsini iki cəhdlə də olsa, qolla tamamlamağı bacardı.

Ramil Şeydayev - Həmişəki kimi, ön xətdə özünü ora-bura vururdu. Di gəl ki, matçın böyük hissəsində hücumda tək qalırdı. Belədə isə ondan fəallıqdan, rəqib müdafiəçilərinə təzyiq göstərməkdən başqa nəsə gözləmək yersiz olardı. Vurulan qoldakı ideal ötürməsi də göz oxşayırdı.

Rəşad Eyubov - Almeydanı əvəz edən yarımmüdafiəçi komanda yoldaşından fərqli, top üzü çox görə bilmirdi. Bu da yığmamızın işini son dəqiqələrdə daha da artırdı və nəticədə ev sahibləri istəklərinə çatdılar.

Təmkin Xəlilzadə - Zədələnən Şəhriyarın vəzifəsini icra edə bilmədi. Onun oyuna qoşulması Beyl üçün bir növ göydəndüşmə oldu. Cinahdan nə hücuma, nə də müdafiəyə kömək edə bildi.

Ağabala Ramazanov - Əlavə edilmiş vaxtla birlikdə cəmi 7 dəqiqə meydanda olan hücumçudan əlahiddə nəsə gözləmək yersiz olardı.

Ruslan SADIQOV

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest