"Neftçi"də isə ruhsuz futbolçu, ruhsuz məşqçi, ruhsuz idman direktoru və ya bir başqası işləyə bilməz. Futbolçunun üzünə baxırsan, ruh yoxdu, istək yoxdu. Belə davam edəcəyi halda, tribunaya dönüşümüz aktual olmayacaq"

"Neftçi"ylə "Forza Neftçi", başqa cür desək, azarkeşlərlə futbolçu və məşqçi heyəti arasında sular yenə bulanıb. çempionluqla ölkə kubokunun əldən çıxmasına baxmayaraq, yayda Moldova və Rusiyaya avtobusla səfər edən fanatlar komandanın yanında olduqlarını göstərməyi bacarmışdılar. Lakin "Bney Yehuda" ilə matçlardakı qələbəsizlik, yekunda "ağ-qaralar"ın gözlənilmədən mübarizəni dayandırması tərəfdarları özündən çıxardı.

Buna baxmayaraq, onlar "Neftçi"ni tək buraxmadılar. Premyer Liqanın açılış turunda sevimli komandalarının sevimli stadionlarında "Sabah"la heç-heçə etməsi bardağın dibindəki sonuncu damcını də yerə saldı. Nəticədə "Forza Neftçi" yaydığı bəyanatda "Neftçi"nin qarşıdakı oyunlarını boykot edəcəyini bildirdi.

İndi vəziyyət qəlizdi. Fanatlar çempionluğa oynamaq istəyən komanda görmək istəyir, "Neftçi" isə 3 oyunda cəmi 4 xal toplamağa müvəffəq olub. Durum yaxşıya doğru dəyişməsə, tribunalar "Forza Neftçi"siz qalacaq. "Sumqayıt"la oyundan sonra Roberto Bordinə "Forza Neftçi"nin "Neftçi"nin oyunlarını boykot etməsi ilə bağlı sual ünvanlananda, italyan çalışdırıcının cavabı təxminən belə olmuşdu: "Bu ildən fərqli olaraq, ötən il azarkeşlərlə tez-tez görüşürdük. Sadəcə, mövsüm başlayandan bu yana tez-tez oyunlarımız olur. Buna görə də görüşümüz baş tutmayıb. İndi millilərə görə çempionatda fasilə yaranacaq. İstəyərəm ki, onlarla görüşüb, fikir mübadiləsi aparaq".

Bordinin mətbuat konfransında səsləndirdiyi fikirlərin üstündən dörd gün keçib. Odu ki, klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyevlə əlaqə saxlayıb, məsələ ilə bağlı məlumat aldıq: "Forza Neftçi"ylə ciddi problemimiz yoxdu. Hər şey qaydasındadı. Komandaya bir neçə günlük istirahət verilmişdi, bu gündən yığışıblar. Bu məsələ klub rəhbərliyinin diqqət mərkəzindədi. Bu səbəbdən azarkeşlərlə məşqçi və futbolçu heyətinin görüşünü təşkil etməyə çalışacağıq. Sadəcə, hər iki tərəf üçün münasib vaxt seçilməlidi. Prosesin uzanmasını istəmirik. Danışıb, yoluna qoymalıyıq. Azarkeşlərlə komanda arasında inciklik olmamalıdı".

İşin bu tərəfini bildik. Maraqlıdı, fanatlar bu haqda nə düşünür? Sentyabrın 15-də "Neftçi"nin prinsipial rəqibi "Qarabağ"la oyununun olduğunu nəzərə alsaq, onların tribunada yer alması mütləqdi. Azarkeş qrupunun rəhbəri Sübhan Əliyevlə söhbətdə konkret cavab ala bilmədik: "Bordinin fikirləri ilə tanışıq. Tək o yox, hamı bilir ki, ev-səfər bilmədən daim komandanın yanında olmuşuq, dəstəyimizi əsirgəməmişik. "Neftçi" üçün ac da qalmışıq, yuxusuz da. Bundan sonra da belə davam edəcək. Bu klubun adı "Neftçi"di, hətta böyük hərflərlə də yaza bilərsiz. "Neftçi"də isə ruhsuz futbolçu, ruhsuz məşqçi, ruhsuz idman direktoru və ya bir başqası işləyə bilməz. Futbolçunun üzünə baxırsan, ruh yoxdu, istək yoxdu. Belə davam edəcəyi halda, tribunaya dönüşümüz aktual olmayacaq. Hamımız futbolu bilən adamlarıq. Oynayan "Neftçi"ni də görürük, oynamayan, oynamaq istəməyən "Neftçi"ni də. Bizə boş vədlər, boş sözlər lazım deyil. "Neftçi" titul qazanmalıdı, başımızı uca tutmalıdı. "Sumqayıt"ı udmaqla, könüllər fəth olunmur. Elə bilməsinlər ki, "Sumqayıt"ı məğlub etdilər deyə, işlər qaydasına düşdü. O ki qalda boykotun nə vaxta qədər davam edəcəyinə, bu haqda hələ heç nə deyə bilməyəcəm. çünki uşaqlarla görüşüb, müzakirə etməliyik, qərar verməliyik. Ona görə də "Qarabağ"la oyunda iştirak edib-etməyəcəyimizi bilmirəm. Qarşıda 10 gün vaxtımız var. Hansısa qərar qəbul olunsa, "feysbuk" səhifəmizdə məlumat verəcəyik". futbol+

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest