Bu həftə Premyer Liqa tarixinin ən bahalı biletləri satışa çıxacaq. Sentyabrın 15-də, Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ" – "Neftçi" matçını izləmək istəyənlər 51 manatından keçməli olacaq. Futbolinfo.az-ın əldə etdiyi məlumata görə, Ağdam klubu oyun ərəfəsində satışa çıxaracağı biletlərə belə qiymət qoyub. Həmişə 1-2 manat olan biletlərin belə bahaya satılması rəqiblə bağlıdı.

ötən mövsümün son turunda "Neftçi" "Qarabağ" azarkeşlərini "Bakcell Arena"dan kənar saxlamaq üçün gözlənilmədən 50 manatlıq biletləri satışa çıxarmışdı. Ağdamlılar çempionluq kubokunu bu oyundan sonra, əzəli rəqibin meydanında qaldıracağından paytaxt klubu onların bayramını korlamaq, tribunaları boş qoymaq istəyirdi.

"Qarabağ" tərəfi mayın 11-dəki oyunda dəstəksiz qalmamaq üçün rəqibin həmləsinə eyni üsulla cavab verdi. Bütün futbolçular maaş və mükafatlarından 1500-2000 manat aralığında ayıraraq büdcə yaratdı, həmin pulla 700 azarkeş üçün bilet təşkil edildi. Beləliklə, "Neftçi"nin büdcəsinə 35 min manat vəsait getdi, "Qarabağ" isə prinsipiallığı artan son matçda da qələbə qazanıb çempionluğunu "Bakcell Arena"da, azarkeşləri ilə birgə qeyd etdi.

Bu həftə baş tutacaq 4-cü tur matçının biletlərinin 51 manat olması məhz həmin olayların cavabıdı. Son anadək fikir dəyişməsə, əslində, rəqabət baxımından maraqlı addım olacaq. Görək azarkeşləri tərəfindən boykot olunan "Neftçi" bu oyunu izləmək üçün neçə fanatına bilet alacaq?

Bəlkə də "Qarabağ" bu oyunu biletsiz etməklə daha ciddi addım atar, jestinin anlamı da böyük olardı. "Neftçi" fanatlarının onsuz da küskün olduğu, tribunalara gəlmədiyi bir vaxtda 51 manatlıq biletin ciddi effekti olmayacaq. Ancaq bəlkə də ağdamlıların etdiyi doğrudu. Fanatların küskünlüyü üzündən bakılılar eyni cavabı verə bilməyəcək və mayda etdikləri səhvin cəzasını çəkəcəklər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest