"Bu vəziyyətlə üzləşən nə ilk, nə də son komandayıq. Meydana çıxdığımız zaman hər şey geridə qalır və futbol barədə düşünürsən. Biz də futbol oynayırıq və peşəkarıq"

"Səbail"in moldovalı futbolçusu Yevgeni Koçuk Premyer Liqanın V turunda "Qəbələ" ilə oyunundan öncə müsahibə verib. O, komandada olan problemlərdən və klubdakı gələcəyindən danışıb.

- "Keşlə" ilə oyunda qalib gəldiniz...
- Fikrimcə, çox maraqlı oyun oldu. Heç kim güzəştə getmək istəmirdi. Yaxşı mübarizə apardıq. Əks-hücumlarda oynamaq planımızı yerinə yetirdik. İlk hissədə yaxşı çıxış etdik və daha çox istədiyimiz kimi oynadıq. Amma ikinci yarıda rəqibə təşəbbüsü verdik və hesabı qoruya bildik. Maraqlı oldu və sevinirəm ki, sonda 3 xalı biz qazandıq.

- çempionata gözlənilmədən yaxşı başladınız. Komandadakı problemlərdən sonra heç kim "Səbail"dən belə çıxış gözləmirdi...
- çempionata yaxşı başlamaq önəmlidi. Həqiqətən 4 tura 9 xal yaxşı nəticədi. Qələbəyə həmişə inam var idi. Lakin dürüst olacam bu qədər yaxşı başlanğıcı gözləmirdim.

- Komandada olan problemlər hazırda qalmaqda davam edir?
- Bu məlumatlar bir az şişirdilmiş şəkildə təqdim edilirdi. Lakin problemlər var idi və indi də var. Amma deyildiyi qədər böyük deyil. ümumiyyətlə, belə hallar hər zaman olur. Bu vəziyyətlə üzləşən nə ilk, nə də son komandayıq. Meydana çıxdığımız zaman hər şey geridə qalır və futbol barədə düşünürsən. Biz də futbol oynayırıq və peşəkarıq.

- Dilan Duventru və Bilal Həmdi gedəndə sənin də komandadan gedəcəyinə aid xəbərlər var idi...
- Həmin vaxt mənim bir neçə təklifim var idi. Lakin düşünüb burada qalmağa qərar verdim.

- Qış fasiləsində komandadan getmək haqqında düşünmürsən?
- Hazırda vəziyyət yaxşılaşır və genişmiqyaslı çətinliyimiz yoxdu. Mövsümün sonuna qədər müqaviləm var və buradayam.

- V turda "Qəbələ"yə qarşı oyununuz var və qarşı tərəfdə də vəziyyət heç yaxşı deyil. Səncə, komanda qalib gələ biləcək?
- Belə danışmağı sevmirəm. Lakin biz hər oyuna qalibiyyət üçün çıxırıq. Meydana qələbə üçün çıxacağıq. Bizi ciddi bir matç gözləyir. (futbolinfo.az)

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest