Azərbaycan millisinin qapıçısı Emil Balayevin şərəfini qoruduğu "Tobol" klubu Qazaxıstan çempionatında liderliyini davam etdirir. Matc.az saytının məlumatına görə, Kostanay təmsilçisi XXVII turda "Şaxtyor" üzərində səfər qələbəsi qazanıb - 1:0.

Oyunla bağlı şərh bildirən yerli mətbuat komandanın uğurlu çıxışında Balayevin rolunu xüsusi vurğulayıb. Həmkarlarımız "Tobol"u məhz həmyerlimizin zirvədə saxladığını vurğulayıb.

Onlar qolkiperin quru seriyasının komandanı çempionluğa doğru daşıdığını yazıb: "Tobol"da hər şey yolunda gedir: komanda ardıcıl 7-ci qələbəsini qazandı və bu matçların heç birində qol buraxmayıb. Emil Balayev qapıya gələn bütün zərbələri dəf edir. "Şaxtyor"la görüşdə ev sahibləri hesabı açmaq üçün bir neçə şans əldə etdi. Amma Balayevin quru seriyasını dayandırmaq yenə mümkün olmadı. O, "Tobol"u çempion edəcək?"

Qeyd edək ki, Qazaxıstan çempionatında sona 6 tur qalmış 58 xalla zirvədə qərarlaşan "Tobol" ən yaxın izləyicisi "Kayrat"ı 2 xal qabaqlayır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest