Dünən keçirilən "Neftçi" - "Keşlə" oyunu öncəsi maraqlı mənzərə yaranmışdı. Geridə qalan dörd turda "Nefçi" evdə, "Keşlə" isə səfərdə məğlub olmamışdı. Qəsəbə təmsilçisi hətta xal da itirməmişdi.

"Qarabağ"la ötən tur oyununda start heyətində çıxış edən 5 futbolçu - Namiq Ələsgərov, Rəhman Hacıyev, Baqali Dabo, Kiril Petrov və ömər Buludov "Neftçi"də bu dəfə ehtiyatda oturmuşdu. Onları Anton Krivotsyuk, Dario Frederiko, Tural Axundov, Rauf Əliyev və Soni Mustivar əvəz etmişdi. "Keşlə"də isə "Səbail" yenilgisi ilə müqayisədə cəmi 1 dəyişiklik var idi. Azər Salahlının əvəzinə Ruslan Qurbanov ilk dəqiqələrdən meydanda idi.

Bir-birini tamamlamayan hücumçular

Oyun bir qədər sakit tərzdə başladı. İlk 15 dəqiqədə komandalar kəşfiyyat aparmaqla məşğul oldular. Ev sahiblərində diqqət çəkən məqam ön xətt oyunçularının əvvəlki matçlarla müqayisədə bir-birilərini daha yaxşı başa düşmələri idi. Təktoxunuşlu ötürmələrlə rəqib qapısına tərəf yaxınlaşsalar da, Namaşko yalnız üstünə gələn toplara reaksiya verməli olurdu. Hissənin ortalarında komandalar qısa müddət açıq futbol oynadılar ki, bu, sürətin artmasına və azsaylı azarkeşlərin daha baxımlı görüş izləmələrinə yol açdı. Bu zaman isə "Keşlə"nin həmlələri daha təhlükəli alınırdı. Ancaq qonaqların hücum oyunçuları günündə deyildi və bir-birilərini tamamlaya bilmirdilər.

"Qırmızı"nın fəsadları: taktiki dəyişiklik...

Matça ümumi nəzarət "Neftçi"də olsa da, rəqibin orta sahədəki sıx oyunu və mərkəzdə tətbiq etdiyi pressinq hücumların qapıçı cərimə meydanına çatmamış bitməsinə səbəb olurdu. Tərlan Əhmədovun komandasında Con Kamara hücumu başlatmalı, Sezar Meza Kolli isə inkişaf etdirməli idi. Prinsipcə, onlar üzərlərinə düşən vəzifənin öhdəsindən gəlirdilər. Sadəcə, mərkəz hücumçu və vingerlər həlledici məqamda düzgün qərar verə bilmirdilər. Xüsusən də, Ruslan Qurbanovun fərdi oyuna üstünlük verməsi, əksər epizodlarda paxıllıq etməsi, bəlkə də, komandanın qol və ya qollarına mane olurdu. "Neftçi"də isə topu hücumçulara çatdırmaq müşkülə çevrilmişdi. Müdafiəçilər ötürmələr zamanı ciddi səhvlərə yol verirdilər ki, bu da rəqibə əks-hücum imkanı yaradırdı. Belə epizodların birində Donald Gerye gərəksiz yerə ikinci sarı vərəqə ilə meydandan qovuldu.

Roberto Bordin müdafiədəki "dördlüy"ün tamamlamaq üçün Darionu qurban verdi. Bu, futbolçuların meydandakı düzülüşünə və taktiki gedişə də təsirsiz ötüşmədi. Meydana daxil olan ömər Buludov müdafiənin sağ cinahında oynamalı idi ki, bu da Tural Axundovun sola çəkilməsinə səbəb oldu. 4-4-1 sxemində Stiven Monroz pleymeyker funksiyasını daşımalı oldu. Ancaq "Neftçi" topa sahib olduğu zaman fransalı irəli çıxaraq, Raufla hücum tandemi təşkil edirdi.

10 nəfərə qarşı hücum qura bilməyən "Keşlə"

"Flaqman" azlıqda qaldıqdan sonra qonaqların topla daha çox oynaması gözlənilən idi. Ancaq say çoxluğu topla oynamaqdan başqa bir işə yaramadı. İkinci hissədə də eyni ssenari davam etdi. "Neftçi" 10 nəfərlə çıxış etsə də, qonaqlar heç cür aşkar üstünlüyə yiyələnə bilmirdilər. Bu, daha çox hücumdakı səliqəsiz və keyfiyyətsiz oyunla bağlı idi. Qəsəbə komandası artıq bir dayaq yarımmüdafiəçisi ilə oynayırdı. Tərlan Əhmədov taktiki sxemi 4-1-3-2-yə dəyişərək, ön xətdə çoxluq yaratmağa çalışdı. Hücumda Lorenzo Frutosa növbə ilə gah Sezar, gah Ruslan, gah da Vüsal tərəfdaşlıq edirdi. Ancaq futbolçuların meydanda tez-tez yerlərini dəyişməsi də rəqib müdafiəçilər üçün problem olmadı. Sadəcə, Əhmədov nədənsə, əvəzləməni çox gecikdirdi. Düzdü, ehtiyat qüvvə çox zəif idi. Amma Əfran İsmayılovu ən azı son yarım saatda meydana buraxmaq olardı. Onsuz da, hücumda oyun alınmırdı, belədə dəyişiklik qaçılmaz idi. Əfran yalnız 78-ci dəqiqədə meydanda daxil oldu və hücumda canlanma yaratmağı da bacardı. Ancaq bu da nəticəyə təsir göstərmədi.

Son dəqiqələrdə "Neftçi"nin irəli çıxması "Keşlə"nin sürətli əks-hücumlarına yol açırdı. Komanda bir neçə dəfə rəqibi azlıqda yaxalamağa da müvəffəq oldu. Lakin nədənsə, futbolçular sürətlə irəliləməyə deyil, topu saxlayaraq, tempi "öldürməyə" çalışdılar. Nəticədə tablodakı sıfırlar sona qədər dəyişmədi. Hər halda, "Neftçi" uzun müddət 10 nəfərlə oynadığından, qazanılan 1 xala görə sevinə bilər.

Bununla yenə "Neftçi" evdə, "Keşlə" isə səfərdə uduzmadı. Ancaq bu itkilər, xüsusən də, "Neftçi"ni zirvədən bir qədər də uzaq salır.

Ruslan SADIQOV

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest