İtaliyanın "Roma" klubunun iki futbolçusu əməliyyat olunub. Matc.az xəbər verir ki, söhbət A Seriyasının 7-ci turu çərçivəsində baş tutan "Kalyari" ilə oyunda sıradan çıxan Amadu Diavara və Edin Dzekodan gedir.
 
Dzeko sağ almacıq sümüyünün sınığı səbəbindən əməliyyat olunub. Klubun rəsmi saytının yaydığı məlumata görə, əməliyyat uğurlu alınıb. 33 yaşlı hücumçu zədəsinə baxmayaraq, Bosniya və Herseqovina millisinin düşərgəsinə yollanıb. Onun qoruyucu maska ilə oynaya biləcəyi vurğulanıb.
 
Bosniya və Herseqovina millisi Aç-2020-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 12-də Finlandiya, oktyabrın 15-də isə Yunanıstanla qarşılaşacaq.
 
Diavara da Dzeko ilə eyni gündə əməliyyat olunub. Qvineyalı futbolçu sol dizindən menisk əməliyyatına məruz qalıb. Dzekodan fərqli olaraq, Amadu xeyli müddət yaşıl meydanlardan kənarda qalacaq. Amma onun bərpa müddəti barədə açıqlama verilmir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest