Premyer Liqamızda cəmi 7 tur geridə qalsa da, artıq 3 komandada baş məşqçi istefası olub. Bu düşüncə tərzi və yanaşma ilə qış fasiləsinə qədər daha iki klubun analoji addım atması sürpriz olmaz.

"Qəbələ" və "Sabah"dakı baş məşqçi istefasını yenə başa düşmək olar. Turnir cədvəlinin yuxarı pillələrinə vərdiş eləmiş birincilər autsayderlər zonasında olmağı həzm etməyib, Sənan Qurbanovu yola saldılar. Güclü heyətə malik "Sabah"da da uğursuz startın əsas səbəbkarı olan Elşad Əhmədov istefaya göndərildi.

Onlardan fərqli, "Zirə"də Samir Abasovla bağlı verilən qərar müzakirəyə açıqdı. Klub rəhbərliyinin hansı meyara əsasən bu addımı atdığını anlamaq çətindi. Axı cəmi 7 tur geridə qalıb və "Zirə" "Sabah" və ya "Qəbələ" kimi autsayder deyil. Qəsəbə komandasını ikinci pillənin sahibindən cəmi 3 xal ayırır. Klubun qurucularından olan Orxan Məmmədov isə belə bir məqamda düşünüb ki, Samir Abasov komandanı Avropa Liqasına aparacaq səviyyədə deyil. Maraqlıdı, arada cəmi 3 xallıq fərq varsa, Məmmədov bu qənaətə hardan gəlib?

Samir Abasovun "Sumqayıt"dakı məhdud büdcə və şərtlərlə nələrə qadir olduğunu hər kəs gördü. Nisbətən güclü "Zirə"də daha yaxşısını bacarması da gözlənilən idi. Amma məhz rəhbərliyin səriştəsiz transfer siyasəti üzündən gənc mütəxəssis paytaxt klubunda daha ağır vəziyyətlə üz-üzə qaldı. Komanda mövsümə cəmi 20 futbolçu ilə başladı. Bunun 3-ü qapıçı, 2-si isə 21 yaşadək oyunçu idi. Bunları nəzərə almasaq, rəhbərlik "Avropa Liqasına vəsiqə qazanmalısan" tələbini qorduğu baş məşqçinin ixtiyarına 15 meydan oyunçusu vermişdi. Onlardan isə yalnız 6-sı U-21 limitində olmayan yerli futbolçu idi. Yəni Abasov əlinin altında olan Bəxtiyar Həsənalızadə, Cavid Hüseynov, Elvin Məmmədov, İlkin Muradov, Elvin Camalov və Tellur Mütəllimovu alternativsiz oynatmalı, onlar zədələnəndə və ya cəzalı olanda isə boşluğu təcrübəsiz gənclərlə doldurmalı idi.

Tərslikdən ilk turlardan komandanın başı zədələrdən açılmadı. Təsadüfi deyil ki, 4-cü turdan bəri heç bir oyunda iştirak ərizəsindəki oyunçu sayı rəqiblə bərabər olmadı. Sən baş məşqçiyə kasad heyət ver, bunun fonunda komandası alternativli oyunçuları olan rəqiblərə oyun planında meydan oxusun, avrokubok yarışından qopmasın, axırda da "uğursuzsan" deyib qov. Görəsən, rəhbərlik bunda özünü 10 faiz günahlandırırmı? Hansı ki, günahın 90 faizi elə özlərindədi. Samir Abasovun yerində başqa məşqçi olsaydı, bəlkə də, komanda indi turnir cədvəlinin "zirzəmi"sində məskən salmışdı.

Yəqin ki, sadaladığım amillərdən sonra klub rəhbərliyinin baş məşqçini qovmaq üçün tapdığı səbəbin əsassız olduğunu anladınız. Bir komanda pis durumdadısa və baş məşqçisini göndərirsə, o vəziyyətdən çıxmaq üçün daha güclü çalışdırıcıya ehtiyacı var deməkdi. Baş məşqçi kimi özünü çoxdan təsdiq edən Samir Abasovla bacarmadığınız işi məşqçi kimi hələ ağzından süd iyi gələn Zaur Həşimovla necə görəcəksiniz?

Açıq şəkildə deyin ki, Samir Abasovun maaşı 8 min manat idi, onu göndərdik ki, Zaur Həşimova 2-3 min manat verib onunla davam edək. Daha "uğursuzsan" deyib, bir məşqçinin karyerasına niyə ləkə salırsınız?

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest