"Neftçi"nin sabiq hücumçusu Canluka Sansone özünə yeni komanda tapıb. Matc.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, 32 yaşlı forvard vətəninə dönüb.

Baş məşqçi Roberto Bordin tərəfindən bu ilin fevralında "Neftçi"yə sırınan futbolçu mövsüm başa çatan kimi yola salınmışdı. Həmin vaxtdan bəri işsiz olan Sansoneyə D seriyası komandası "Keriqnola" ehtiyac duyub. Hücumçu yeni komandası ilə mövsümün sonuna qədər müqavilə imzalayıb. "Keriqnola"nın baş məşqçisi Alessandro Potenza onun təcrübəsinin komandaya kömək edəcəyinə inanır.

Sansone "Neftçi"dən ayrılma səbəbini də açıqlayıb: "Azərbaycanda 3 ay yarım vaxt keçirdim. Yeni macəra axtarışında idim və "Neftçi"nin italiyalı baş məşqçisi komandaya kömək etməyimi istədi. Dərhal qəbul etdim. Ancaq bu müddət mənə çətin keçdi, uyğunlaşa bilmədim. Fərqli mədəniyyət hiss edirdim. Həm də 32 yaşda evli olmamağım mənə çətinlik yaradırdı".

Qeyd edək ki, Canluka Sansone "Neftçi"nin heyətində keçirdiyi 11 oyunda 2 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest