Türkiyə Futbol Federasiyasının (TFF) Peşəkar Futbol İntizam Komitəsinin (PFKD) iclası keçirilib. Matç.az qurumun saytına istinadən xəbər verir ki, yığıncaqda Super Liqanın qalmaqallı "Qalatasaray" – "Fənərbaxça" görüşündə yaşananlar müzakirə olunub, kütləvi dava-dalaşda iştirak edənlər layiqli cəzaların alıb.

Matç ərzində futbola yaraşmayan şüarlar səsləndirən Qərb və Şimal tribunasının bəzi sektorlarının bilet sahiblərinin abunəliyi bloklanıb. Həmin şəxslərin "Qalatasaray"ın növbəti ev oyununa girişinə qadağa qoyulub.

"Qalatasaray" meydanda düşən dava-dalaşa görə 60, tribunalar arası pilləkənlərə azarkeşlərin buraxılmasına görə 25 min lirə cərimələnib. Klubun rəsmi saytına qalmaqalla bağlı yazılara görə xəbərdarlıq edilib.

"Sarı-qırmızılar"ın baş məşqçisi Fatih Terim hakimləri təhqir etdiyi və matç sonrası açıqlamalarında etik qaydaları pozduğu üçün 7 oyun soyunub-geyinmə otağı ilə texniki zonaya buraxılmayacaq. O, həmçinin 65 min lirə cərimələnib.

Onun köməkçisi Hasan Şaş rəqib futbolçuya hücum çəkdiyi üçün 8 oyunluq cəza və 20 min 800 lirə cəriməyə layiq görülüb.

"Qalatasaray"ın dava-dalaşda iştirak edən oyunçularından Papa Alioune Ndiaye 5 oyun və 13 min lirə, Qarri Mendes Rodriges 3 oyun və 7 min 800 lirə, Rayan Henk Donk 6 oyun və 15 min 600 lirə cəzalanıb.

Cəzalı durumda olub, akkreditasiyalı yerə daxil olan Mariano Ferreyra Filyo 5 min lirə cərimələnib.

Matç bitdikdən sonra meydana daxil olan "Qalatasaray" rəsmiləri Abdulrəhim Albayrak, Fahri Yılmaz, Uğur Yıldız, Eray Sözen, Hande Sümertaşa xəbərdarlıq edilib.

"Fənərbaxça" da cəzadan qaça bilməyib. Komanda halında idmançıya yaraşmayan hərəkətə görə klub 12 min lirə ödəyəcək.

Qalmaqalın fəallarından olan Roberto Soldado Rillo 6 oyun və 15 min 600 lirə, Jailson Markes Siqueyra 8 oyun və 20 min 800 lirə cəzalanıb.

Klub rəsmiləri Bülənt Ataş və Ali Bozana isə meydana daxil olduqları üçün xəbərdarlıq edilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest