ötən ay MMA üzrə qaydasız döyüşdə Konor Makqreqor üzərində qələbə qazanan Həbib Nurməhəmmədovun uğurunda azərbaycanlılar mühüm rol oynayıb. Bu barədə matç.az saytına açıqlamasında Poltavada yaşayan azərbaycanlı iş adamı Mais Şıxəliyev məlumat verib.

O bildirib ki, 30 yaşlı idmançının gənclik illərində Ukraynaya qısamüddətli səfəri onun gələcəyinə işıq saçıb. Atası Poltavadakı universitetlərdən birində oxuyan və əmisi bu şəhərdə yaşayan məşhur döyüşçünün də yolu burdan keçib.

"Həbib uşaq və gənclik illərində məşqlərini Dağıstanda keçib. Sonradan Poltavaya gəldi. Məqsədi o idi ki, burda daha yaxşı hazırlıq keçsin və yerli vətəndaşlığını alsın. Amma ona Ukrayna vətəndaşlığını vermədilər. İlk döyüşünə getməzdən əvvəl burda 3-4 ay güclü məşq etdi. Hətta azərbaycanlıların Poltavadakı restoranı bu müddətdə ona havayı yemək verdi", - deyən Şıxəliyev həm də Nurməhəmmədovu vaxtilə ABŞ-a necə yola saldığını xatırlayıb: "Həbibi ilk döyüşü üçün ABŞ-a biz yola salmışıq. Əmisi ilə birlikdə onun biletini aldıq, göndərdik. Hətta söhbət də etdik. Soruşdum ki, ilk peşəkar döyüşün olacaq, özünü necə hiss edirsən? çünki rəqibi peşəkar idmançı idi. Amma cavabında dedi ki, onu məhv edəcəm. Belə də oldu, qələbə qazandı".

Həmyerlimiz Nurməhəmmədovun əmisi ilə indi də münasibətdə olduğunu gizlətməyib: "Konor üzərindəki qələbədən sonra Azərbaycanda Həbibin şərəfinə meyxanalar deyilib. Əmisinə deyən kimi xahiş elədi ki, onları mənə də göndər. Bir əmisi (Nurməhəmməd Nurməhəmmədov) güləş üzrə dünya çempionu olub, Poltavada yaşayır. Digər əmisi Naser isə Dağıstanda yaşasa da, bura tez-tez gəlir, görüşürük".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest