"Arsenal" İngiltərə Premyer Liqasının X turunda öz meydanında "Kristal Pelas"la qollu heç-heçə edib – 2:2. Matc.az xəbər verir ki, sözügedən qarşılaşmada yerli azarkeşlər "Arsenal"ın yarımmüdafiəçisi və kapitanı Qranit Cakanın əvəzlənməsini sevinclə qarşılayıb.

Oyunun 61-ci dəqiqəsində əvəzlənən London təmsilçisinin kapitanı azarkeşlərə cavab olaraq, "sizi eşitmirəm" işarəsi edib. Caka bundan sonra birbaşa paltardəyişmə otağına yollanıb.

"Arsenal"ın baş məşqçisi Unay Emeri futbolçunun azarkeşlərə qarşı reaksiyasına belə münasibət bildirib: "Caka səhv etdi. İndi sakit qalıb, onunla danışmalıyıq. Biz azarkeşlərimiz üçün burdayıq. Alqış və təhqirlərə hörmətlə yanaşmalıyıq. Cakanın kapitanlıq sarğısını daşıyıb-daşımayacağı hələ bilinmir. Onunla və klubla danışmaq istəyirəm. Cakanın etdiyi düzgün deyildi".

Qranit Caka bir müddət əvvəl "Arsenal"da yeni kapitan təyin edilmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest