"Zədə ilə bağlı bir müddət oynaya bilməyəcəyimlə bağlı məlumat doğru deyil. ötən cümə günü aldığım kiçik bir zədə var idi, amma bu gündən etibarən kollektivlə birlikdə tam sürətlə məşq edirəm". Matc.az saytının məlumatına görə, bunu "Qarabağ"ın yarımmüdafiəçisi Simeon Slavçev deyib.

Bolqarıstan millisinə çağırılan 26 yaşlı oyunçu zədə ucbatından 15-20 günlük sıradan çıxması ilə bağlı yayılan xəbərləri yalanlayıb. O, ölkəsinin mətbuatına açıqlamasında tam sağlam olduğunu və artıq məşqlərə qoşulduğunu bildirib.

Slavçev yığmasının uğursuz çıxışına da münasibət bildirib: "Sağlamam və baş məşqçi Georgi Dermendziyevin zəngindən şadam. Yığmanın məşqçilər korpusu da vəziyyətimdən xəbərdardı. ötənilki uğursuz nəticələri sığortalamalı və azarkeşlərin könlünü almalıyıq. İnanıram ki, tezliklə başımızı yuxarı qaldırıb qələbəsiz oyunlar seriyasına son qoyacağıq".

Qeyd edək ki, noyabrın 14-də Paraqvayla yoldaşlıq görüşü keçirəcək Bolqarıstan yığması bundan 3 gün sonra AVRO-2020-nin seçmə mərhələsində çexiya ilə qarşılaşacaq. Hər iki oyun Sofiyada baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest