Son illər turnir cədvəlinin yüksək pillələrində məskən salmasına öyrəşdiyimiz "Qəbələ"nin cari mövsümdəki çıxışı fiaskodu. Roman Qriqorçukun dönəmində "Qarabağ"a əsas rəqib olan "qırmızı-qaralar" indi "qapazaltı" ünvanına sahibdi. Komanda turnir cədvəlinin "zirzəmi"sində dayanıb və rəqiblərinə aşağıdan yuxarı baxır.

Bölgə təmsilçisinin ani enişində vaxtında akademiyanın yetirmələrinə şans verməyən Qriqorçuk qədər klub rəhbərliyi də günahkardı. Həmin vaxt istedadlı gənclərin digər komandalara keçməsinə göz yumulmasaydı, onlar indi təcrübəli futbolçu kimi uğurlu nəticələrə töhfə verərdilər. İbrahima Niassenin də gəlişindən sonra heyətdəki legionerlərin sayı 7-yə yüksəlibsə, digər oyunçular əsasən klubun öz yetirmələridi. O yetirmələr ki, artıq digər klubların heç birinə lazım deyil.

Mövsümə Sənan Qurbanovla başlayan komandanın gənc mütəxəssislə çox gedə bilməyəcəyi ilk turlardan bəlli idi. Qurbanovun istefası artıq qaçılmaz idi və bundan sonra daha təcrübəli və lider xüsusiyyətli məşqçiyə ehtiyac duyulurdu. Ancaq klub növbəti səhvini Elmar Baxşıyevi bu posta gətirməklə etdi. Bu təyinat isə komandanın nəticələrinin yaxşılaşdırılmasından çox menecerlərin şəxsi mənafeyinə hesablanmışdı.

Cəmi 10 tur geridə qalmasına baxmayaraq, "Qəbələ" üçün ilk "üçlük" artıq əlçatmaz görünür. Bu mənada rəhbərlik gec də olsa səhvini başa düşüb. Belə ki, Baxşıyevlə qış fasiləsində yolların ayrılması qərara alınıb. Hətta "qırmızı-qaralar"ın yeni çalışdırıcısının adı da məlumdu. İkinci yarıdan etibarən komandanı əcnəbi mütəxəssisin çalışdıracağı dəqiqdi. Bu, ölkəmizdə çalışmış və uğurlu nəticə göstərmiş bir məşqçidi. Ancaq onun kimliyi hələlik gizli saxlanılır.

Qeyd edək ki, bu mövsüm aktivində cəmi 1 qələbə olan "Qəbələ" 6 xalla turnir cədvəlinin son pilləsində qərarlaşır.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest