Mövsümün əvvəlindən uğursuz nəticələrdən narazı qalan "Neftçi" azarkeşləri etirazlarını bildirməkdə davam edirlər. Matc.az xəbər verir ki, Premyer Liqanın XI turunda "Keşlə"yə məğlubiyyət bu təzyiqləri bir qədər də artırıb.

Ən böyük fan-klub səhifələrindən olan "Neftchi Baku [Fan Page]" feysbuk səhifəsində fanatlar bu yenilgini müzakirəyə çıxarıblar. "Layiqli məğlubiyyət idi. Komanda oynamaq istəmədi və rəqib çox gözəl oynadı" başlıqlı statusa müxtəlif səpkili rəylər yazılıb.

Qapıçı Səlahət Ağayevi, meydan oyunçularını məğlubiyyətə səbəbkar göstərənlər o qədər də çoxluq təşkil etmir. Əksəriyyət komandanın zəif çıxışında və turnir cədvəlinin 3-cü pillədə qərarlaşmasında 3 nəfəri - prezident Kamran Quliyev, idman direktoru Ceyhun Sultanov və baş məşqçi Roberto Bordini günahlandırır.

Rəşad Abdullayev adlı fanat çempionluq ümidinin üstündən bu yenilgi ilə xətt çəkdiklərini yazıb: "O qədər həyəcan keçirdim sənin üçün. İndi çalış, ikinci yeri saxla, bədbəxt komanda".

Bir qrup azarkeş "Keşlə"nin çalışdırıcısı Tərlan Əhmədovun "Neftçi" rəhbərliyindən qisas aldığını vurğulayıb. Onların fikrinin ümumi məğzi belədi: "Tərlan Əhmədov ''Neftçi''dən qisasını aldı. Sübut elədi ki, Bordin layiqli məşqçi deyil. Bordin taktikanın nə olduğunu Əhmədovdan öyrənsin".

Azarkeşlər əvvəlki "Neftçi"nin qayıtması üçün çıxış yolunu rəhbərliyin istefasında görürlər: "Görəsən, bunlar belə oyuna görə xəcalət çəkirlərmi? Rəhbərlik getməyincə heç nə düzəlməyəcək".

Qeyd edək ki, 11 turda 18 xal toplayan "Neftçi" lider "Qarabağ"dan 9 xal geri qalır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest