İngiltərə Premyer Liqasında çıxış edən "Vulverhempton" gələn mövsümlə bağlı planlarını cızmaqda davam edir. Matc.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, baş məşqçi Nuno Espirito Santo yayda heyətdə bəzi dəyişikliklər edəcək.

Portuqaliyalı mütəxəssis, xüsusən də, gəncləşdirmə siyasətinin tərəfdarıdı. Bu baxımdan onun siyahısı da artıq hazırdı. Belə ki, Santo mövsümlərarası fasilədə əvəzedici komandaya cəlb edilən Pedro Neto, Bruno Jordao, Meritan Şabani və "Eştoril"dən transfer edilərək, "Pakoş Ferreyra"ya icarəyə verilən Azərbaycan millisinin hücumçusu Renat Dadaşovu mövsümün sonunda əsas komandaya dəvət edəcək. Ancaq onların qalıb-qalmayacağı təlim-məşq toplanışında göstərəcəkləri performansdan asılı olacaq.

45 yaşlı mütəxəssis bununla kifayətlənmək fikrində deyil. O, PSV-nin U-19 komandasının mərkəz müdafiəçisi Naycel Lonveykin də alınmasını istəyir. İngilislər 17 yaşlı futbolçunun 200 min avroluq sərbəst qalma məbləğini ödəməyə hazırdı. Hətta tərəflər arasında ilkin razılığın əldə olunduğu da bildirilir.

Qeyd edək ki, Renat Dadaşovun "Vulverhempton"la müqavilə müddəti 2023-cü ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest