Milli komandamız Avropa çempionatının seçmə mərhələsində son ev oyununu keçirdi. Əslində, hələ matçdan əvvəl yığmadan zəif çıxış gözləmək olardı. çünki komandada nə motivasiya, nə stimul vardı.

Yığmamızdan fərqli, final mərhələsi ümidini davam etdirən Uelsi yalnız qələbə qane edirdi. Britaniyalılar da 3 xalı meydanda gəzərək almağı bacardılar. Bu 90 dəqiqəni şübhəsiz ki, yığmamızın son vaxtlardakı ən zəif, cansıxıcı oyunu kimi qələmə vermək olar. Rəqib istədiyi vaxt tempi yüksəldir, istədiyi vaxt aşağı salır, bizimkilər isə sadəcə, seyirçi kimi onlara tamaşa edirdilər.

Xoşbəxtlikdən Uelsin 3 gün sonra Macarıstanla vacib oyunu var. Bu üzdən qonaqlar ikinci hissədə yalnız vaxt "öldürməklə" məşğul oldular. Topu ayaqlarında saxlayaraq, bir növ məşq edir, güclərini qoruyurdular. Qaret Beyl kimi lider futbolçunun 60-cı dəqiqədə əvəzlənməsi də Rayan Giqqzin həmin andan bu qarşılaşmanı unutduğunu, diqqətini Kardiffdəki son matça yönəltdiyini təsdiqləyirdi.

Futbolçularımızla bərabər, sanki Nikola Yurçeviç də hər şeydən ümidini üzmüşdü. Start heyəti ilə bağlı yeganə tənqid olunası məqam Araz Abdullayevin oynaması olar. Hər halda, debütant olmasına baxmayaraq, Vüsal İsgəndərlini ilk dəqiqələrdən meydana buraxmaq olardı. çünki "Keşlə"nin heyətində əla çıxışla diqqət çəkən İsgəndərlinin enerjisi və fiziki hazırlığı Uelslə qarşı iştiraka imkan verirdi. İlk hissədə sol cinahda daha yaxşı görünən Krivotsyuk-Rəhimov cütlüyü ilə bağlı dəyişiklik də yersiz idi. Təmkin Xəlilzadənin meydana daxil olması həmin cinahın da iflic duruma düşməsinə səbəb oldu. Yurçeviçin İsgəndərliyə şans verməməsi, son əvəzləmə kimi Cavid Hüseynovu meydana buraxması da əvəzləmə xatirinə edilən əvəzləməyə bənzəyirdi.

Futbolçuları fərdi şəkildə dəyərləndirdikdə yalnız Bəhlul Mustafazadəni fərqləndirmək lazımdı. Ona 4 qiyməti, 2-3 nəfərə isə "3" düşürsə, digərlərinə 2-dən yüksək bal vermək güzəşt olar.

Emil Balayev - Onu zəiflər sırasına qoşmaq ədalətsizlik olar. Doğrudu, buraxılan ilk qolda səhvi həlledici rol oynadı. çünki çərçivədəki yerini itirdi. Ancaq komandamızı bir neçə dəfə real qoldan xilas edərək, bəlkə də, darmadağının qarşısını aldı.

Bəhlul Mustafazadə - Millimizin heyətində meydanda döyüşən yeganə futbolçu idi. Cari mövsümdən əla forma yığan Bəhlul müdafiənin mərkəzində olduqca etibarlı görünürdü. Ucaboy britaniyalılara qarşı həm "ikinci mərtəbə"də, həm də təkbətək mübarizələrdə layiqincə mübarizə apardı.

Bədavi Hüseynov - Bəhlulla mərkəzdə yaxşı tandem təşkil edən Bədavi də insaf naminə ciddi səhvlərlə yadda qalmadı. Bir neçə epizodda təkbətək mübarizədən qalib ayrılmağı bacardı. Cinah müdafiəçisinə də kömək etməyə çalışırdı.

Anton Krivotsyuk - Gənc futbolçunun işi ağır görünürdü. çünki Qaret Beylin qarşısını almalı idi. Əslində, Anton komanda yoldaşlarının köməyi ilə bu işin öhdəsindən heç də pis gəlmirdi. Beylin daha çox mərkəzə meyillənməsi də onun yükünü azaldırdı. Hətta imkan düşdükcə hücuma da kömək etməyə çalışırdı. Ancaq nədənsə, fasilədən sonra baş məşqçi "Neftçi"nin futbolçusunu əvəzlədi.

Pavel Paşayev - önündəki Araz Abdullayevin ona çox kömək etməməsi legionerimizi daim gərginlikdə saxlayırdı. Əksər epizodlarda rəqib futbolçular önündə tək qalır, təkbətək mübarizələrdən məğlub ayrılırdı.

Qara Qarayev - Kapitanlıq sarğısını daşıyan yarımmüdafiəçidən heç kim "ikinci mərtəbə"də uğurlu çıxış gözləmirdi. Əsasən geridən oyun qurmaq və komandanı rahatlatmaq onun vəzifəsi idi. Ancaq topu hər ayağına aldığında sanki həyəcanlanır, tələskənliyə yol verirdi. Bu üzdən kifayət qədər ötürmə səhvləri edirdi ki, bu da Uelsin sürətli hücumuna yol açırdı.

Riçard Almeyda - Onun işi dayaq yarımmüdafiəçisi ilə pleymeyker arasında körpü rolunu oynamaq idi. Ancaq Braziliya əsilli futbolçu da günündə deyildi. Topla oynamağı xoşlayan Almeyda əksər hallarda müəyyən qədər məsafə qət etdikdən sonra onu itirir, hücumların qurulmasında lazımi işi görə bilmirdi.

Dmitri Nazarov - Birinci hissədə irəlidə nisbətən fəal görünürdü. Mənfi cəhəti topu ayağında çox saxlaması və hər dəfə driblinqə meyl etməsi idi. Bu da qapıçı cərimə meydanı həndəvərinə yaxınlaşmamış topu itirməsinə yol açırdı. İkinci hissədə, ümumiyyətlə, meydanda görünmürdü və nəticədə sona yaxın əvəzləndi.

Araz Abdullayev - Onun da çıxışına yaxşı qiymət vermək olmaz. Hətta Araz ən zəiflərdən idi. çünki sağ cinahdan nə hücumda varlığını ortaya qoya bilirdi, nə də arxasındakı Paşayevə lazımi dəstəyi verirdi.

Şəhriyar Rəhimov - Müdafiəçi olmasına baxmayaraq, birinci hissədə cinah yarımmüdafiəçisi kimi Arazdan daha yaxşı təsir bağışlayırdı. Həm müdafiədə, həm də hücumda fəal iştirakı ilə diqqət çəkirdi. Doğrudu, komandamız kəsərli hücumlar qura bilmirdi. Amma bunun günahı bir nəfərin yox, bütün komandanın boynuna yazılmalıdı. Fasilədən sonrakı əvəzləmə ilə müdafiəyə şəkilən Rəhimov ikinci 45 dəqiqəni bütün komanda kimi, aşağı səviyyədə keçirdi.

Ramil Şeydayev - Millimizin hər matçında canfəşanlığı ilə alqış qazanan Ramil yenə eynisini etməyə çalışırdı. Ancaq oyunu bu dəfə istədiyi kimi alınmadı. Əksər vaxtlarda irəlidə tək qalmasının da bunda rolu oldu.

Təmkin Xəlilzadə - Fasilədən sonra meydana daxil olan Təmkin sol cinahdan yarımmüdafiəçi kimi çıxış etməli idi. Ancaq ilk hissədə həmin mövqedə çıxış edən Şəhriyar Rəhimovdan daha zəif göründü.

Ağabala Ramazanov - Araz Abdullayevi əvəzləyən "Səbail"in hücumçusunun komanda yoldaşından heç bir fərqi yox idi. O da meydanda boş-boş qaçmaqla, vaxt aparmaqla məşğul oldu.

Cavid Hüseynov - Son dəqiqələrdə meydanda olan yarımmüdafiəçidən qeyri-adi nəsə gözləmək yersiz olardı. Cavid top uğrunda mübarizədən çox, rəqiblə mübahisələrdə fəallıq nümayiş etdirirdi.

Ruslan SADIQOV

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest