"Qalatasaray"ın uğurlu seriyasına son qoyulub. Matc.az xəbər verir ki, İstanbul təmsilçisi "Türk Telekom Arena"da 41 oyun sonra məğlubiyyət acısı yaşayıb.

Bu, Superliqanın XII turu çərçivəsində ötən gün baş tutan "Başakşəhər"lə ev oyununda gerçəkləşib. "Sarı-qırmızılar" bu oyundan 0:1 hesablı yenilgi ilə ayrılıblar.

"Qalatasaray" sonuncu dəfə 2016/17 mövsümündə, mayın 6-da keçirilən "Kasımpaşa" ilə ev oyununda 1:3 hesablı yenilgiyə üzülmüşdü. Ondan sonra baş tutan 41 ev oyununda 34 qələbəyə sevinən "cim-bom" 7 dəfə də heç-heçəyə razılaşmışdı. Fatih Terimin çalışdırdığı kollektiv Superliqada 930 gündən sonra "Türk Telekom Arena"da xalsız qaldı.

Qeyd edək ki, bu, "Qalatasaray"ın cari mövsümdəki üçüncü məğlubiyyətidi. İlk turda "Dənizlispor"a səfərdə 0:2 hesabıyla uduzan İstanbul təmsilçisi "Beşiktaş"la səfər matçından da 0:1 hesablı məğlubiyyətlə ayrılmışdı. Geridə qalan 12 oyunda 5 qələbə, 4 heç-heçəsi olan komanda 3 yenilginin ardından 19 xalla 6-cı pillədə qərarlaşıb. "Qalatasaray" üzərindəki qələbədən sonra məğlubiyyətsiz oyunlar seriyasını 10-a çatdıran "Başakşəhər" isə 22 xalla zirvədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest