"Hazırda Premyer Liqada hər bir komandadan xal almaq mümkündü. "Zirə" ötən tur "Qarabağ"dan xal almışdı. Bu rəqiblə oyunumuzun çətin keçəcəyini bilirdik. Amma deyərdim ki, ayrı-ayrılıqda yox, kollektiv oyuna hazır deyildik". Matc.az saytının məlumatına görə, bunu "Keşlə"nin futbolçusu Vüsal İsgəndərli səfərdə "Zirə"yə 1:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XII tur matçından sonra jurnalistlərə açıqlamasında deyib.

24 yaşlı yarımmüdafiəçi bildirib ki, ayılmaq və "Sumqayıt"la növbəti tur matçına daha yaxşı hazırlaşmaq lazımdı. Heyət baxımından, Azər Salahlı, Emin Mehtiyev, Tərlan Quliyev və Əfran İsmayılov kimi yaxşı ehtiyat qüvvəmiz var. Amma oyunda dəyişiklik edəcək legionerimiz yoxdu. Gələn tur Sezar Meza Kollini kimin layiqincə əvəzləyəcəyini bilmirəm. Yəqin ki, baş məşqçimiz Tərlan Əhmədov bunu demək istəyib".

İsgəndərli ötən tur "Neftçi" üzərində 2:1 hesablı qələbə qazandıqdan sonra komandada eyforiya yarandığına dair fikirlərlə razılaşmayıb: "Bütün kollektivimiz peşəkarlardan ibarətdi. Bir qələbə ilə çempionat bitmir. Hələ oyunlar seriyası irəlidədi. Sonuncu dəfə IV turda evdə "Səbail"ə uduzmuşduq. "Neftçi"ni udduqdan sonra isə hamı bizdən danışır, super oynadığımızı deyirdi. Amma futbolda məğlubiyyət də mümkündü. Bu, gələcək oyunlara daha ciddi hazırlaşmaq baxımından bizə dərs oldu".

Cinah oyunçusu fasilə zamanı klub prezidenti Zaur Axundovun paltardəyişmə otağında onlarla əsəbi formada danışmadığını söyləyib: "Zaur müəllim bizə özümüzə inanmağı, daha çalışqan olmağı, əvvəlki "Keşlə"ni görmək istədiyini bildirdi. Onu mətbuatda çox şişirdirlər. Guya söyüş söyür, tənqid-təhqir edir. Xeyr, bu, belə deyil. Sadəcə, Axundovun iki cəhətini görmüşəm: Udanda paltardəyişmə otağına girib təbrik edir, mükafatı açıqlayır, uduzanda isə bir klub rəhbəri kimi "uduzmamalı, daha yaxşı oynamalı idik" deyə iradlarını bildirir. Sonra da ürək-dirək verərək, gələn oyunlarda həmin "Keşlə"ni görmək istədiyini vurğulayır". 

İsgəndərlinin Azərbaycan millisində debütü Slovakiya ilə AVRO-2020-nin son seçmə matçına təsadüf edib. O, ilk dəfə dəvət aldığı yığmanın düşərgəsində çox yaxşı qarşılandığını söyləyərək, buna görə baş məşqçi Nikola Yurçeviç və AFFA-nın baş katibi Elxan Məmmədova minnətdarlığını bildirib: "Baş məşqçi bütün iclaslarda məşqimdən razılıqla danışırdı. O, milliyə öz əziyyətimlə gəldiyimi deyərək, klubumdakı kimi çıxış etməyimi istədiyini deyirdi. Uelsdən də, Slovakiyadan da xal almaq olardı. Gələn seçmə mərhələdə də milliyə öz oyunumla yenə çağırılmağımı istərdim. Milli komanda qürur mənbəyidi, tam fərqli məfhumdu".

"Keşlə"nin futbolçusu Yurçeviçin millidəki taleyi ilə bağlı danışmaq istəmədiyini söyləyib: "Bu suala mən cavab verə bilmərəm. Milliyə məsul olan AFFA rəhbərliyi var. Məncə, buna Elxan müəllim daha dəqiq cavab verə bilər".

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest