"Oyuna uğurlu başladıq, yaxşı qollar da vurduq. Amma hesab 3:0 olduqdan sonra özümüzü çox rahat hiss elədik. Buna görə də, "Qəbələ" daha yaxşı oynamağa başladı və qol vəziyyətləri yaratdı. Həmin dəqiqələrdə oyunumuzu bir qədər itirmişdik. Fasilədən sonra pis çıxış etmirdik. Axırıncı dəqiqələrdə komandada yorğunluq hiss olundu". Matc.az saytının məlumatına görə, bunu "Neftçi"nin kapitanı Emin Mahmudov Azərbaycan Premyer Liqasının XII turunda "Qəbələ" üzərində 4:1 hesablı qələbə qazandıqları oyundan sonra deyib.

Yarımmüdafiəçi qarşılaşmadan sonra keçirilən brifinqdə jurnalistlərin suallarını cavablandırıb.

- Turnir cədvəlində yenidən 2-ci pilləyə yüksəldiniz. Sizin əsas rəqibiniz "Keşlə"di, yoxsa "Qarabağ"?
- Bizim əsas rəqibimiz özümüzük. Təkcə öz oyunumuzu fikirləşməliyik. Keçirdiyimiz matçlarda qələbə qazanmasaq və digər komandalara diqqət ayırsaq, bizə çətin olar.

- "Qarabağ" cari mövsüm ilk məğlubiyyətini srağagün "Sumqayıt"la görüşdə aldı. Bu, sizə əlavə stimul verdimi?
- Bizə hər oyunda qələbə qazanmaq lazımdı. Bunu bacarmasaq, onlar qalib gəlib yenə öndə olacaqlar. çox xal itirmişik, onları sığortalamalıyıq. Bunu da yalnız qələbələrlə edə bilərik.

- Dario Frederiko əvəzlənməsindən narazı idi və birbaşa paltardəyişmə otağına yollandı. Kapitan kimi, onun bu hərəkətinə münasibətiniz necədi?
- Futbol emosiyasız maraqsız olar. Dario məşqçidən yox, oyunçulardan narazı idi. çünki ona 1-2 söz dedilər. Amma oyundan sonra bizim kimi, qələbəyə sevinirdi.

- Qarşıda ölkə kuboku matçları da var. Bu turnirdə hədəfiniz nədi?
- Əlbəttə ki, bu yarış da çox vacibdi. Məqsədimiz kuboku qazanmaqdı. Bunun üçün bütün qarşılaşmalarda qələbə qazanmaq lazımdı.

- "Neftçi"nin potensialı həm çempionluğu, həm də ölkə kubokunu qazanmağa imkan verir?
- Kubokla çempionat arasında fərq qoymuruq. Hər oyunu bugünkü matçın ilk 25 dəqiqəsindəki kimi oynasaq, yaxşı nəticələr qazanarıq. Oyunlara yaxşı köklənmək vacibdi.

- Milli komanda AVRO-2020-nin seçmə mərhələsini 1 xalla başa vurdu. Yığma üzvü kimi, bu çıxışı necə qiymətləndirirsiniz?
- Əlbəttə ki, 1 xal azdı, yaxşı nəticə deyil. Amma çətin qrupa düşmüşdük. Uşaqlar nəsə etməyə çalışırdılar. Düzdü, alınmadı.

- Bundan əvvəlki seçmə mərhələlərdə də çətin qrupda olub, ən azı 3 xal qazanmışıq...
- San Marinonu məğlub edib, xallar qazanmışdıq. İndi bizə belə komanda düşmədi. Budəfəki rəqiblərin hamısı Avropa çempionatında iştirak edib, hətta qrupdan da çıxıblar. Əlbəttə, bəhanə gətirmək istəmirəm. Nəticə daha yaxşı olmalı idi. Sadəcə, alınmadı.

- Millinin son iki matçında meydana çıxmadınız. Bu vəziyyəti dəyişmək üçün nə etməlisiniz?
- Bu, məşqçinin qərarıdı. Buna görə də nəsə deyə bilmərəm. Elə bu gün də son 20 dəqiqədə yorulmuşdum, qaçmaq çətin idi. Milliyə gedəndən sonra ritmi itirirəm, qayıdanda çətinlik çəkirəm. Artıq yığmanın oyunları yoxdu. İnşallah, daha yaxşı formada olaram.

- Emin Mahmudov daim ehtiyatda oturmalı futbolçudu? Bu barədə heç baş məşqçi ilə söhbətiniz olmayıb?
- Məşqçinin fikri belədi, futbol fəlsəfəsi belədi. Mənim vəzifəm, dəvət olunduğu zaman milliyə gəlməkdi. Nə bacarıramsa, edirəm. Amma qərarı baş məşqçi verir. Bir dəfə yaxınlaşıb dedi ki, mənim oyun üslubuma bir az uyğun gəlmirsən. Buna görə də, bildim ki, oynamayacam.

- AFFA-nın baş katibi Elxan Məmmədov müsahibəsində Nikola Yurçeviçlə yolların ayrılacağına işarə vurub. Deməli, sizin yolunuz açılır?
- İndi bu barədə fikirləşmirəm. Baş məşqçi barədə pis söz deyə bilmərəm. Hətta getsə belə, arxasında nəsə deməyim düzgün olmaz. Burda olanda heç nə deməmişəmsə, gedəndən sonra nəsə deməyim doğru deyil.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest