Nazim Süleymanovun "Sumqayıt"dan ayrılması şəxsən mənim üçün gözlənilməz olmadı. çünki onu yaxşı tanıyıram. Uzun müddət davam gətirə bilməzdi. Bir gün mütləq bezəcəkdi, bezdiriləcəkdi. Əllərindən, ayaqlarından gələni edəcəkdilər ki, Süleymanov ordan getsin.

Az qala hər gün dünyanın harasındasa baş məşqçi komandadan ayrılır. Kimisi nəticələrə görə, kimisi də rəhbərlik və ya futbolçularla dil tapa bilmir. Burasıyla işim yox. "Sumqayıt" özünə uyğun, Bernard Raab, Aqil Məmmədov, Samir Abasov kimi bir mütəxəssis tapacaq və yoluna davam edəcək. Heç Nazim Süleymanov üçün də dünyanın sonu deyil. Yaşayacaq, çalışacaq. Elə hamı kimi.

Mənim diqqətimi çəkən Süleymanovla klubun yollarının ayrılmasına geyindirilən "don"dur. Klubun rəsmi saytında qeyd olunur ki, baş məşqçi işdən öz istəyi ilə, səhhətindəki problemlərə görə ayrılıb. Bunun adı iftiradı, özü də çirkin iftira. Məşqçiliyi ilə işim yox. Kimin üçünsə uğurludu, kimisi üçün də uğursuz. Amma Nazim Süleymanov kimi futbol veteranlarını əlimizin içində saxlayıb, bütün dünyaya göstərməyimiz lazımdı. Onların qiymətini verməli, Azərbaycan və onun futbolu üçün etdiklərini qiymətləndirməliyik. Nazim Süleymanov kimi adama "xəstə" damğasını vurmaq, onun səhhətində problem olduğunu iddia etməyin özü bir xəstəlikdi. özü də ruhi xəstəlik. Bu ideyanın müəlliflərinin ruhları xəstədi. Sağalmaları da mümkün deyil.

Adam deməyə söz, yazmağa cümlə tapa bilmir. Bu boyda həyasızlıq, bu miqyasda utanmazlıq olmaz, kişilər və kişi övladları. Riad Rəfiyev özünə klub prezidenti deyir, ədası yerə-göyə sığmır. Amma stadionu təmir edən şirkəti tapıb, onlardan cavab ala bilmədi ki, "Sumqayıt"ın doğma meydana, azarkeşlərinə nə vaxt qovuşacağını açıqlasın. Gah oktyabrı nişan verdilər, gah da noyabrı. Qaçqın komandaya çevirdikləri, evindən didərgin saldıqları komandadan isə nəticə tələb etdilər. Hamı bilir ki, sumqayıtlı azarkeşlər Nazim Süleymanovu çox sevirdilər və onun çalışdırdığı komanda doğma meydanda çıxış edəndə daha da güclü olacaqdı, nəticələr dəyişəcəkdi. Bu imkanı Süleymanova verməmək üçün əllərindən gələni etdilər.

Azərbaycan çempionatı adlandırılan futbol tamaşasında Nazim Süleymanov kimi məşqçilərin uzun müddət rol alması mümkün deyil. Bunu elə ilk gündən demişəm. Bir prezident ki, başçılıq etdiyi menecer şirkətinin müştərisi olan futbolçunun "Sumqayıt"a vurduğu qola sevinə, həmin prezidentlə işbirliyinə gedilərmi? Riad Rəfiyevin Emin Mahmudov "Sumqayıt"a qol vurarkən sevinməsi bütün Azərbaycana məlum olan məsələdi. Belə misalların sayını artıra da bilərəm. Amma elə biri də kifayətdi.

Bizim üçün vacib olan Nazim Süleymanovun səhhətidi. Dünən yağışlı havada 90 dəqiqə komandasının başında olan birinin səhhətində problem olmadığını isə bütün Azərbaycan gördü. Nazim Süleymanov xəstələnməyib. "Sumqayıt"dakı xəstələri isə biz yaxşı tanıyırıq (sport7.az).

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest