"Barselona"nın kapitanı Lionel Messinin 6-cı dəfə "Qızıl top" qazandığı təltifetmə mərasimində "Liverpul"un müdafiəçisi Vircil van Deykin fikirləri narazılıqla qarşılanıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, hollandiyalı ulduz futbolçunun "Yuventus"un hücumçusu Kriştianu Ronaldo ilə bağlı fikirləri maraqla qarşılanıb.

Belə ki, tədbirdən əvvəl yerli kanallardan birinə açıqlama verən van Deyk jurnalistin "Ronaldo mərasimə gəlməyib, rəqiblərinizdən biri azalıb" fikrinə "O rəqib idi ki?" deyə cavab verib. 28 yaşlı mərkəz müdafiəçisi tədbirdən sonra isə Messinin mükafata layiq olduğunu söyləyib: "Messi 6-cı dəfə bu titula yiyələndi. Ona hörmətlə yanaşmaq lazımdı. Məndən bir az yaxşı idi".

Van Deykin sözləri Ronaldonun bacısı Katyanın narazılığına səbəb olub. O, instaqram hesabı vasitəsilə hollandiyalını tənqid edib: "Bəzi insanlar əsəb oynadırlar. Səmimi deyil və təvazökarlıqdan uzaqdı. Ronaldo 3 liqada çempion oldu. Van Deyk oynadığı liqada hələ də çempion ola bilməyib. Sənin oynadığın ölkədə Ronaldo ən yaxşı və çox qol vuran oyunçu olub. üstəlik, səndən daha gənc yaşda. Ronaldo və dostları sənin komandanı Millətlər Liqasının finalında əzdi. O, ən zəif vaxtında belə, səndən çox çempionluq sevinci yaşayıb. Bir əlin barmaqlarının sayı qədər çempion olmusan, Ronaldo ilə eyni masa arxasında oturursan".

Vircil van Deyk isə bu paylaşımdan sonra o fikirləri zarafatla dediyini söyləyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest