"Xal fərqini azaltmaq üçün şanslarımız çox idi. 3 xal əldə edib fərqin 8-ə çatmamasına nail ola bilərdik. Baş verənləri analiz etməliyik ki, görək niyə pis nəticə ilə qarşılaşdıq"

"Neftçi"nin serbiyalı müdafiəçisi Voyislav Stankoviçin müsahibəsi

- "Səbail"lə matçda itirlən xalı çempionluq yolunda sizin üçün böyük zərbə saymaq olar?

- Son oyunda cəmi 1 xal qazana bildik. Halbuki, qələbəyə motivasiya olmuşduq. Alınmadı. Matçda xeyli qol epizodlarımız var idi, lakin reallaşdıra bilmədik. Futbolda belə anlar olur. Hələ matçın sonunda uduza da bilərdik. Artıq bu matçı unutmaq zamanıdır. İlk yarının son oyununda meydana çıxıb 3 xal qazanmaq vacibdir. Əgər öz oyunumuzu istənilən səviyyədə göstərə bilsək, xal qazana bilərik.

- "Qarabağ"la xal fərqini azaltmaq üçün əlinizə düşən imkanları boşa verdiniz...

- Bəli, xal fərqini azaltmaq üçün şanslarımız çox idi. 3 xal əldə edib fərqin 8-ə çatmamasına nail ola bilərdik. Baş verənləri analiz etməliyik ki, görək niyə pis nəticə ilə qarşılaşdıq.

- Qarşıda daha 3 oyun var...

- Qarşıda 3 – çempionatda 1, kubokda 2 matçımız var. Hər 3 oyunda maksimum gücümüzü ortaya qoyub, qələbə əldə etməliyik.  Bunun üçün məşqlərdə də çalışırıq. İstəyirik ki, azarkeşlərimizi sevindirək.

- Qeyri-sabit çıxışın səbəbini nədə görürsən?

- Bu sualın cavabını bilmirəm. çünki mən məşqçi deyiləm. Futbolçunun işi meydana çıxıb oyununu göstərməkdir.

- Qarşıda daha 2 dövrə var. Bu, sizə 1-ciliyə yüksəlmək üçün kifayət edə bilər?

- Qarşıda qış fasiləsi yaranacaq. Ardınca təlim-məşq toplanışında yüksək hazırlıq keçmək lazımdır. Hələ qarşıda çox matç var. Futbolda hər şey mümkündür. ümidvaram ki, gələn il daha yaxşı çıxış edəcəyik. Məqsədimizə çata bilərik.

- Futbol ictimaiyyətində belə fikir yaranıb ki, "Qarabağ" Avropa Liqasında mübarizə apardığı zaman çempionatda tam gücü ilə oynamır. Artıq onlar üçün AL başa çatdı. Düşünürsünüz ki, bundan sonra daha çətin olacaq?

- Biz "Qarabağ"ın avrokuboklardakı çıxışını dayandırmasına fikir verməməliyik. Yalnız öz oyunumuza motivasiya olub, diqqət ayırmalıyıq. Biz yüksək səviyyədə oynasaq, istənilən rəqibə qalib gələ bilərik.

- öz çıxışından razısan? Sanki "Qəbələ"dəki Stankoviç qədər yaxşı çıxış etmirsən...

- "Neftçi"yə yeni gəlmişəm. Deyə bilərəm ki, bu 5-6 ayda göstərdiyim oyunumdan razıyam. Əlbəttə ki, daha da yaxşı ola bilərəm.  Bunun üçün daha çox çalışacam. Yeni ildən daha güclü Stankoviçi görməyiniz üçün işləyəcəm. Amma ümumi götürsək, oyunumdan narazı deyiləm. futbolinfo.az

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest