UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Farer adaları oyununa təyinat alan Dimitrios Masias bizim üçün tanış şəxsdi. Matç.az saytının məlumatına görə, kiprli referi ikinci dəfə ölkəmizə səfər etmək imkanı qazanıb.

O, buna qədər 2 dəfə yığmamızın matçında ədalət təmsilçisi olub. Bu, 17 yaşadək futbolçulardan ibarət millimizin Avropa çempionatının seçmə mərhələ oyunlarına təsadüf edib. 2015-ci ilin mart ayında komandamız əvvəlcə Xorvatiya, daha sonra isə Portuqaliya ilə qarşılaşıb. 8-ci km qəsəbə stadionunda baş tutan hər iki qarşılaşmanı Masias idarə edib. Xorvatların 4:0 hesabı ilə qalib gəldiyi görüşdə yığmamızdan Hacıağa Hacıyev sarı vərəqə alıb.

Mirbağır İsayevin yetirmələrinin iki gün sonra Portuqaliya ilə keçirdiyi matçda isə kiprli hakim Ruslan Beydiyev və Hacıağa Hacıyevi sarı, Xəyal Əmirlini isə qırmızı vərəqə ilə cəzalandırılıb. Bu oyunda da rəqib 3 cavabsız qolla qalib gəlib.

Qeyd edək ki, Azərbaycan – Farer adaları oyunu noyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest