Azərbaycan kubokunda yarımfinala yüksələn və Premyer Liqada ilk yarını 5-ci pillədə tamamlayan "Zirə" üçün qış fasiləsi hərəkətli keçəcək. Matc.az saytının məlumatına görə, heyətdə bəzi dəyişikliklər gözlənilir.

Mövsümün gedişində baş məşqçi postuna gətirilən Zaur Həşimov öz heyətini qurmaq üçün ilk növbədə "təmizləmə işləri" aparmağı düşünür. çalışdırıcı özü də "Səbail"lə dünənki kubok oyunundan sonra ən azı 3 futbolçu ilə vidalaşmaq istədiklərini gizlətməyib.

Həşimovun ixtiyarında görmək istəmədiyi oyunçular da bəllidi. O, müdafiəçi Anastasios Papazoğlu, yarımmüdafiəçi Robin Nqalande və hücumçu Soni Nordedən məmnun deyil. Papazoğlunun ümidləri doğrultmaması, Nordenin baş məşqçinin sisteminə uyğun olmaması, Nqalandenin isə zədələr səbəbindən komandaya lazımınca xeyir verməməsi bu qərarda həlledici rol oynayır. Eyni zamanda Boyan Zoqoviç də baş məşqçinin inamını doğrulda bilmir. Ancaq onun durumu yeni qapıçının alınıb-alınmamasından asılı olacaq.

Adları sadalanan futbolçularının hər birinin klubla müqavilə müddəti davam edir. Bu üzdən klub onlarla ikitərəfli razılıqla vidalaşmağı planlaşdırır. Bu üzdən də futbolçulara özlərinə yeni komanda tapmaqda sərbəst olduqları bildirilib.

"Zirə" adıçəkilən əcnəbiləri yola sala bilsə, onların boşluğunu yeniləri ilə dolduracaq. Bu yöndə də danışıqlar davam etdirilir.

Qeyd edək ki, Nqalandenin müqaviləsi 2021-ci ilin yayına, digər 3 futbolçunun sözləşməsi isə cari mövsümün sonuna qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest