Bakıda Azərbaycan Gimnastika Federasiyasının (AGF) İcra Komitəsinin 34-cü iclası keçirilib. Matc.az xəbər verir ki, ilin yekunlarına həsr olunmuş iclasda federasiyanın İcra Komitəsinin üzvləri, qurumun nümayəndələri və gimnastika növləri üzrə yığma komandaların üzvləri iştirak ediblər. İclasın gündəliyində federasiyanın fəaliyyəti ilə əlaqədar bir sıra mühüm məsələlər yer alıb.

Əvvəlcə iclasda 2019-cu ildə Tokioda keçirilmiş batut gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarında medal qazanmış idmançılar və onların məşqçiləri mükafatlandırılıb.

Sonra AGF-nin baş katibi, gimnastika növləri üzrə yığma komandaların baş məşqçiləri, həmçinin federasiya ilə sıx əməkdaşlıq edən idman təşkilatlarının illik hesabatları dinlənilib və müzakirə olunaraq qəbul edilib.

İclasın gündəliyində duran əsas məsələlərdən biri isə Beynəlxalq Gimnastika Federasiyasının qaydalarına əsaslanaraq, milli yarışların proqramlarına uyğunlaşdırılmış AGF-nin Texniki Reqlamentinin müzakirəsi və təsdiq edilməsi olub.

O cümlədən AGF-nin 2020-ci ilin əvvəllərində keçiriləcək ümumi yığıncağının tarixi müəyyən edilib və gündəliyi təsdiqlənib. Komitənin iclasında diqqət mərkəzində dayanan digər vacib məsələ 2020-ci il üzrə planların müzakirəsi olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest