Azərbaycan millisinin yarımmüdafiəçisi Riçard Almeyda karyerasını yenidən ölkəmizdə davam etdirə bilər. Matc.az saytının əldə etdiyi məlumata görə, "Qarabağ"ın futbolçusu əzəli rəqib "Neftçi"nin maraq dairəsinə düşüb.

"Astana" ilə sözləşməsinə xitam verən 30 yaşlı orta sahə oyunçusunun "Qarabağ"la müqavilə müddəti də yanvarın 1-də başa çatacaq. 2020-ci ilin ilk günündən azad agent statusu daşıyacaq braziliyalı Ağdam klubu ilə yeni anlaşma məsələsində ortaq məxrəcə gələ bilməyib.

Bundan yararlanan "Neftçi" "sambaçı" ilə danışıqlara başlayıb. Komandaya lider axtarışında olan bakılılar həm təcrübəli, həm də yerli statusu daşıması səbəbindən Almeydanın keçidində maraqlıdı. Futbolçunun ilk seçimi uzun illərdi şərəfini qoruduğu "Qarabağ" olub. Bunun üçün isə tərəflərdən biri güzəştə getməli idi. Ancaq hadisələrin axarı Almeydanın "Qarabağ"da qalmayacağını göstərir.

Yığmamızın üzvü çempionla ortaq məxrəcə gəlmədiyindən, yeni klub axtarışına çıxıb. 7 ildi ölkəmizdə yaşayan Almeyda özü və ailəsi də Bakıda qalmaqdan məmnundu və hələ ki, Braziliyaya qayıtmağa tələsmir.

Qeyd edək ki, Riçard Almeyda 2012-ci ildən "Qarabağ"ın formasını geyinir. ötən ilin yayında "Astana"ya keçən futbolçu cəmi 6 ay sonra Ağdam klubuna qayıdıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest