"Yuventus"un hücumçusu Kriştianu Ronaldo üçün 2019-cu ili də uğurlu saymaq olar. Matc.az saytının məlumatına görə, il ərzində ümumilikdə 39 dəfə fərqlənən portuqaliyalı superulduz bu baxımdan 5-ci pillədə qərarlaşıb.

Təqvim ilində 4 dəfə het-trikə imza atan forvard İngiltərə və İspaniyadan sonra İtaliyada da titul qazanıb, həmçinin AVRO-2020-nin seçmə mərhələsinin ardıcıl 6 oyununda fərqlənib. 2020-ci ildə 34 yaşlı oyunçu yeni rekordlar axtarışında olacaq. Onu isə 5 yeni rekord gözləyir.

1. ötən mövsüm A seriyasını 21 qolla tamamlayan Ronaldo cari mövsüm 10 dəfə fərqlənib. Hazırda bombardirlər yarışına başçılıq edən çiro İmmobiledən 7 top geri qalır. Adətən ikinci dövrədə yüksəlişə keçməsi ilə diqqət çəkən portuqaliyalının zirvəyə qalxması heç də gözlənilməz olmaz. Ancaq gözü daha yüksəkdə - komanda yoldaşı Qonzalo İquainə məxsus bir mövsümə 35 qol rekordunu yeniləməkdədi. Təbii ki, asan görünmür. Ancaq bunu bacaracaq biri varsa, o da Ronaldodu.

2. Avropa çempionu mövsümü A seriyasının bombardiri kimi tamamlasa, İngiltərə və İspaniyadan sonra İtaliyada da bunu bacarmış olacaq və yeni rekorda imza atacaq. çünki indiyə qədər heç bir oyunçu top-5 liqanın 3-də bombardir olmayıb.

3. Növbəti rekord üçün çempionlar Liqası qazanılmalıdı. "Mançester Yunayted"lə 1, "Real"la 4 dəfə bu titulu başı üzərinə qaldırıb. "Yuventus"un heyətində çL-in qalibi olsa, Klarens Zedorfdan sonra 3 fərqli klubda bunu bacaran ikinci futbolçu olacaq. Hollandiyalı "Ayaks", "Real" və "Milan"ın heyətində çempionlar Liqasını qazanıb.

4. Bu il Portuqaliya millisində də uğurlu çıxışa imza atıb. Yığmasının heyətində 3 dəfə het-trik müəllifi və Millətlər Liqasının ilk qalibi olub. Litva ilə qarşılaşmadakı 4 qolu sayəsində Avropa çempionatlarının seçmə mərhələlərinin ən məhsuldar oyunçusuna çevrilib. Millidə aktivinə ümumilikdə 99 qol yazdırıb. Daha bir dəfə fərqlənməklə, 100 qol həddinə çatan ilk avropalı futbolçu olacaq və İran yığmasının sabiq hücumçusu Ali Daeyə yaxınlaşacaq.

5. Son 4 Avropa çempionatında iştirak edib, hamısında qol vurmağa müvəffəq olan Ronaldo indi də AVRO-2020-ni gözləyir. Əgər qarşıdakı qitə birinciliyində də fərqlənsə, 5 fərqli Avropa çempionatında qol vuran ilk futbolçu ünvanına yiyələnəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest