Uels millisinin lideri Qaret Beylin cari mövsümdəki durumu baş məşqçi Rayan Giqqzin ürəyincə deyil. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, gənc çalışdırıcı aparıcı futbolçunun Avropa çempionatına qədər toparlanmasına ümid edir.

Yay fasiləsində "Real"dan ayrılmağa yaxın olan forvard son anda baş məşqçi Zinəddin Zidanı inandıraraq, komandada qalmağı bacarmışdı. Lakin mövsümün gedişi onun üçün heç də yaxşı alınmayıb. La Liqanın III turunda "Vilyarreal"la matçda dubl edən Beyl həmin vaxtdan bəri "kral klubu"nda qol üzünə həsrətdi. Artıq 115 gündü ki, 30 yaşlı oyunçu rəqib qapılarına yol tapa bilmir.

Bu müddətdə o, AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan (6 sentyabr) və Xorvatiya ilə (13 oktyabr) ev qarşılaşmalarında bir qola imza atıb. Fiziki problemlər, zədələnmələr səbəbindən "Real"ın 7 oyununu buraxmalı olub, daha çox meydandankənar amillərlə gündəmə gəlib.

Giqqz də futbolçusunun oyun praktikası toplaması üçün qış fasiləsində klubunu dəyişməsinin tərəfdarıdı: "Avropa çempionatında Beylin çıxışından çox şey asılı olacaq. Qrupdan çıxmaq üçün onun köməyinə ehtiyacımız var. Bunun üçün də Qaretin həmin vaxt formada olması çox vacibdi".

Qeyd edək ki, Uels yığması AVRO-2020-nin A qrupunda İtaliya, Türkiyə və İsveçrə ilə mübarizə aparacaq. Britaniyalılar iyunun 13-də İsveçrə, 17-də Türkiyə ilə Bakıda, 21-də isə İtaliya ilə Romada üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest