"Qarabağ"ın baş məşqçisi və AFFA-nın İcraiyyə Komitəsinin üzvü Qurban Qurbanov brifinq keçirib. Matc.az saytının məlumatına görə, təcrübəli mütəxəssis AFFA-nın növbədənkənar Konfransı və İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərin suallarını cavablandırıb.

- Komandanız təlim-məşq toplanışına yığışıb. Bütün futbolçular artıq düşərgədədi?
- Dünəndən toplanışa başladıq. Bu gün hamı məşqdə iştirak edəcək. Yanvarın 12-dək burada olacağıq.

- Riçard Almeydanın gedişi geniş əks-səda doğurdu. Yazılanlara görə, maddi məsələdə razılıq əldə olunmayıb. Həqiqətən də, səbəb budu?
- Düzü, elə odu. Maliyyə məsələsində bir az razılaşmadıq. Təklifimizi etmişik, gözləyirik. O da qalmağı çox istəyirdi. Həm də düşünmək üçün bir az vaxt istədi. Həm yaşını nəzərə alır, həm də ailəsi ilə məsləhətləşməlidi. Almeyda Braziliyaya getdi, onun məsələsi hələ açıq qalır.

- Almeydasız "Qarabağ"a çox çətin olmayacaq?
- Artıq neçə ildi komandamızın əsas oyunçularından biridi. O olmasa, mütləq başqa planlara əl atmalıyıq. Yoxluğunu hiss etdirməməyə çalışmalıyıq. Amma Almeydanın üstün cəhətləri var idi. Qərarına hörmətlə yanaşırıq və qarşıdakı günləri gözləyirik.

- Onun boşluğunu qış fasiləsində dolduracaqsınız, yoxsa yaya kimi gözləyəcəksiniz?
- Açığı, bu yaxınlarda məsələni konkretləşdirib qərar vermək istəyirik. Bir neçə futbolçu ilə danışıqlar gedir. Türkiyəyə gedənə qədər bir qərar qəbul etməyi düşünürük.

- Emin Mahmudovun "Qarabağ"a transferi realdı?
- Xeyr, bizim danışığımız olmayıb.

- Qapıçı məsələsi nə yerdə qalıb?
- Qapıçı ilə bağlı hələ bir xəbər yoxdu. İndi hamı bir az rahatdı, "transfer pəncərəsi"nə kimi vaxt var. Oyunçular daha əlverişli variantlar əldə etmək istəyirlər. Ona görə də, bəzi oyunçular bizə öz fikirlərini son anda deyirlər.

- Beqoviç və Qeye transferinin uğursuz alındığı, onların Avropa Liqasında komandaya lazımi qədər kömək etmədikləri deyilir. Bu fikirlərə münasibətiniz necədi?
- Əgər Beqoviçin də transferini uğursuz adlandırırıqsa, digər futbolçuların üzərinə getməməliyik. İndi tam əmin olmaq olar ki, futbol belə bir oyundu. İstənilən futbolçu səhv edə, iştirakı istədiyin kimi alınmaya bilər. Transfer etmək o qədər də asan iş deyil. Beqoviçin oyunundan razı idim. Onunla qrupdan çıxmağımızı çox istəyirdik. Yəqin ki, buna görə uğursuz sayırlar. Hər bir halda pis transfer deyildi. O ki qaldı Qeyeyə, komandamıza az faydası dəymədi. Amma daha yaxşı olmasını istəyirik.

- Qış fasiləsində yeni hücumçu transferi gözlənilirmi?
- Bəli, gözlənilir.

- Növbəti mövsümdən limitdə dəyişiklik ediləcəyi, 7+4-ə keçiriləcəyi, həmçinin U-21-lə bağlı limitin ləğv olunacağı söylənilir. Siz bu məsələ barədə nə düşünürsünüz?
- Düzü, bu barədə hələ düşünməmişəm. Belə bir qərar barədə də eşitməmişəm. Müzakirəyə çıxarılandan sonra öz fikrimizi bildirəcəyik.

- Yeni mövsümdən Premyer Liqadakı klub sayı 10-a çatdırıla bilər. Sizcə, bu, kifayət edəcək?
- Hər halda, 8 komandalı çempionatdan yaxşı olacaq.

- Artıq "Turan-Tovuz" və "Kəpəz"in elitaya gələcəyi açıqlanıb. Onların arasında "Zaqatala"nın olmamasını necə qəbul edirsiniz?
- Normal. Neçə illərdi bu komanda Premyer Liqada yoxdu. Bu gün də olmasa, normal qarşılayacağıq.

- Mahir Emrelinin və Musa Qurbanlının ölkə xaricinə çıxması barədə məlumatlar gəzir. Bunlar doğru xəbərlərdi?
- Bizdə olan dəqiq məlumata görə, heç birinə təklif yoxdu. Nə Musa Qurbanlıya, nə də Mahir Emreliyə.

- "Qarabağ" uğurlar qazandıqca bəzi futbolçular öz qiymətlərini qaldırırlar. Sizcə, buna layiqdirlər?
- Bu, normal prosesdi. Hər halda heç kimə klubun imkanlarından artıq pul verilmir.

- Rusiyanın veteran futbolçuları son vaxtlar keçmiş SSRİ ölkələrinin klublarının iştirakı ilə çempionat keçirilməsini təklif edirlər. Onlar bununla maddi qazancın da yüksək olacağını düşünürlər. Sizin məsələyə münasibətiniz necədir?
- Düşünürəm ki, bu, qeyri-real söhbətdi. İstəməzdim ki, kiməsə qulluq edək. Əksinə, hamının fikrinin Azərbaycan futbolunda olmasını istəyirəm. Həmin maddi yatırımlar Azərbaycan futboluna edilsə, klubların sayı çoxalsa, keyfiyyətli futbolçular gəlsə, daha yaxşı olar. 7-8 il əvvəli düşünsək, görərik ki, klublarımızda necə keyfiyyətli oyunçular çıxış edirdi. çempionatımızı o səviyyəyə qaytarsaq, özümüzdə maraq daha çox olar. Onların dediyi çempionat bu gün yaranıb, sabah dağıla bilər. Kiməsə güvənib, kiminsə bayrağı altında iştirak etməyə ehtiyac yoxdur. Əksinə, özümüzə güvənək, öz bayrağımız altında çempionatımızın səviyyəsini qaldıraq. Qoy sabah desinlər ki, biz gedib Azərbaycan çempionatında iştirak etsəydik, daha yaxşı olardı. Bu gün Gürcüstan, Türkiyə, Rusiya çempionatında oynamaqla bağlı təkliflər edilir ki, futbolçuların ustalığı artsın. Amma hesab edirəm ki, öz futbolçularımıza, çempionatımıza diqqəti artırsaq, daha yaxşı olar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest