AFFA İcraiyyə Komitəsinin iclasından sonra mətbuat konfransı keçirilib. Matc.az xəbər verir ki, assosiasiyanın baş katib Elxan Məmmədov jurnalistlərin suallarını cavablandırıb.

- İclasın gündəmində iki məsələ var idi. Birinci Nizamnamədəki dəyişikliklər, seçki konfransının yanvarın 28-də keçirilməsi. İkinci isə baş məşqçi məsələsi.

- Nizamnamədəki təkliflərdə 4 vitse-prezidentin olacağı bildirilib. Dəyişikliklər nəyə hesablanıb?

- Hüquqi dil bir az çətin olur. Dəyişikliklər tətbiq olunur. İlk növbədə Nizamnaməni təkmilləşdirmək idi. Əsas məsələ ondan ibarət idi ki, müxtəlif komitələr ləğv olundu. Onsuz da İcraiyyə Komitəsinin səlahiyyətləri genişdi. İndiki komitələr hamısı fəaliyyətini davam etdirəcək. İcraiyyə Komitəsinin üzv sayı 11-dən 13-ə qaldırıldı. Say artanda vitse-prezidentlərin sayı da artmalıdı. Bir icraçı və üç vitse-prezident olacaq. Düşündük ki, icraçı vitse-prezident komitələrin fəaliyyətini izləsin. Baş katibin də fəaliyyəti öz yerində qalacaq. Növbədənkənar konfransların sayı da artırıldı. Təcili məsələlər varsa, növbədənkənar seçkilər keçirilməlidi.

- İcraiyyə Komitəsinin yeni üzvləri bəllidirmi?

- Bu, 28 yanvarda bilinəcək. Namizədlərlə bağlı məlumatlar veriləcək.

- Yeni vitse-prezidentlər kimlər olacaq?

– İcraiyyə Komitəsinin üzvləri arasında namizədlər verilir. AFFA-nın prezidentinin səlahiyyətidi ki, vitse-prezidentləri özü seçsin.

- İcraiyyə Komitəsinin üzvlərindən ayrılan olubmu?

– Rəsmi qaydada heç bir müraciət edilməyib. üzvlərlə müzakirə edildikdən sonra bilinəcək. Hələlik imtina ərizəsi verilməyib. Səlahiyyətləri yanvarın 28-də bitir.

- İcraçı vitse-prezident postuna sizin gələcəyiniz deyilir...

- Deyilənlərə inanmayın, müəyyən prosedura qaydaları var. Ali orqan konfransdı. Sonra da İcraiyyə Komitəsi gəlir.

- Futbolumuzun hazırkı durumuna görə əsas tənqid hədəfi sizsiz. Bu məsələlərə necə baxırsız?

- Sağlam tənqidə müsbət baxıram. Futbol xalq oyunudu. Futbol təkcə AFFA-nın deyil, xalqındı. Tənqid etməyə insanların haqqı var. Sağlam tənqiddirsə, haqları var. Hamı tənqidə hazır olmalıdı. Məşqçilər, futbolçular və AFFA da tənqidlərə hazır olmalıdı.

- İlk dəfə idi ki, İcraiyyə Komitəsinin iclası çox tez bitdi. Bunu demək olarmı ki, İcraiyyə Komitəsinin üzvləri yanvarın 28-ni gözləyir? Bu vaxtadək namizədlər, təkliflər olacaq. 11-dən 13-ə say artımı deyilir və bu da PFL və Regional Federasiyanın üzvlüyüdü.

- Bugünkü iclasda növbəti hesabat seçki konfransının vaxtını təyin etmək və baş məşqçi məsələsinə aydınlıq gətirmək əsas idi. İcraiyyə Komitəsi bu məsələyə çox etik yanaşdı. Növbəti 4 il üçün kimlərin üzv olacağını bilmirik.

– Martın sonunda Malta ilə oyun var. O zamana kimi milli komandada baş məşqçinin adına aydınlıq gələcək?

– Bəli, ümid edirəm ki, o zamana qədər baş məşqçi məsələsinə aydınlıq gələcək. İkinci oyun da Latviya ilə olacaq. Həmin görüş də martda olacaq. Mayda Türkiyə ilə qarşılaşacağıq. Uels yığmasıyla da oyun planlaşdırılır.

- Növbəti konfrans nə üçün yanvarda keçirilir?

– üç ay ərzində keçirilməlidi. Adətən martda keçirirdik, ancaq bu dəfə düşündük ki, yanvarın sonunda edək. Əsas ona görə ki, Aç-2020-nin oyunlarıyla bağlı işlər sıx olacaq. Martda müəyyən tədbirlər keçirməyi düşünürük.

– İcraiyyə Komitəsinin növbəti iclasında oyun manipulyasiyasıyla bağlı məsələlər müzakirə olunacaqmı?

– Gördüyünüz kimi, çox sayda şəxslər futboldan kənarlaşdırılıb. Ancaq futboldan kənar adamlar da var. Onlarla bağlı məsələlərlə müvafiq orqanlar məşğul olur. Bəzi klublarda işləyən nümayəndələrimizə "çox sağ ol" demək istərdim. Futbolçulara, bizə məxfi şəkildə məlumat verirlər. İki il əvvəl hesabat konfransında bu məsələləri başlatdıq. Biz onlara məxfi nömrə vermişdik. Onlar da artıq bizlə əlaqə qururlar. AFFA-nın prezidenti də bildirib ki, bu məsələləri aradan qaldıracağıq. Hazırda dünya futbolunun ən böyük təhdidi danışılmış oyunlardır. Biz də aktiv fəaliyyətlə məşğul oluruq. İstintaq gedir, tam açıb deyə bilmərəm. Adlar, tanınmış insanlar olacaq. Qorxulu odur ki, digər idman növlərinin nümayəndələri də bu məsələlərdə saxlanılıb. Futbolla bağlı olmayan adamlardı. Məhdudiyyət yoxdu. Biz, bu "virus"u məhv etməliyik. Digər idman növlərinin nümayəndələri futbola qarışaraq, danışılmış oyunlarda iştirak edir. Hər kəsi araşdırırıq. Milli komandaları da. Bilə-bilə şər atmaq olmaz. Bu, istintaq prosesinə əngəl olur. Sağlam tənqid qəbul edilir, ancaq yalan, süni tənqid yox. Mübarizəmizi davam etdiririk.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest