"Geriləmə və ya yerində saymaq deməzdim. "Səbail"in durumu hamıya bəllidi. Mən də istəməzdim ki, belə vəziyyət yaransın. Ancaq bizdən asılı deyil. Bu il "Səbail"in heç bir iddiası yoxdu"

Bu qış "Səbail"i "Zirə"yə dəyişən Ağabala Ramazanovun müsahibəsi...


- "Səbail"dəki proseslərə görə bir çox futbolçunun, elə sənin də oranı tərk edəcəyin ehtimal edilirdi. Ancaq "Zirə"yə keçidin geniş kütlə üçün gözlənilməz oldu. Adın Moldova "Şerif"i ilə daha çox hallanırdı. "Zirə"yə transferin necə alındı?
- Mənim üçün ən real variantlar elə "Şerif" və "Zirə" idi. "Keşlə"nin də adı çəkilirdi. Ancaq ordan heç kim mənimlə əlaqə yaratmamışdı. Karyeram ərzində ölkə xaricində oynamadığım üçün bu dəfə getməyi düşünürdüm. "Şerif"ə keçiddə istəkli idim. Amma sonda bu məsələ reallaşmadı. Ordan zənglər gəlmişdi, menecerlə danışmışdıq. Bütün bunlardan sonra məsələni ciddiyə almışdım. Əvvəl o qədər də fikir vermirdim. Bir gün "Trabzonspor"u yazırdılar, bir gün "Şerif"i, bir gün başqa klubu. Ancaq "Şerif"lə ciddi müzakirələrimiz olmuşdu. Aydındı ki, bütün məsələlərdə anlaşma lazımdı. Razılıq o həddə olmadı ki, gedim müqaviləyə qol çəkim. Bundan sonra "Zirə" variantı yarandı. Razılaşdıq və bura gəldim.

- Yerli klublardan başqa təklifin var idi?
- Açığı olmadı. Mənə heç nə deyilməmişdi.

- Hələ keçən ilin yayında "Səbail"i tərk edəcəyin gözlənilirdi...
- Həmin zaman "Zirə"dən maraq var idi. Ancaq real bir təklif yox idi.

- "Səbail"in yaxşı vaxtlarında orda oynadın, komandanın liderlərindən idin. Səmimi olsan, "Zirə"yə keçid sənin üçün nədi: irəliləyiş, yerində saymaq, yoxsa geriləmə?
- Geriləmə və ya yerində saymaq deməzdim. "Səbail"in durumu hamıya bəllidi. Mən də istəməzdim ki, belə vəziyyət yaransın. Ancaq bizdən asılı deyil. Bu il "Səbail"in heç bir iddiası yoxdu. Nə çempionatda, nə kubokda. Amma "Zirə"də vəziyyət fərqlidi. özüm bura gələndən ancaq Avropa Liqası haqda düşünürəm. Məndən əvvəl də komandada hədəf bu idi. çalışacam ki, "Zirə"nin gücünə güc qatım.

- Qarşıda iki dövrə var və 5-ci pillədəsiz. Necə düşünürsən, komanda bu hədəfə çatacaq gücdədi?
- Məncə, fasilədən öncə ən formada olan komandalar "Sumqayıt" və "Qəbələ" idi. Qarşıda iki dövrə var. Biz ən çox "Keşlə"ni düşünürük. "Sumqayıt" bizdən 1 xal öndədi. Uşaqlarla danışanda da deyirik ki, əsas rəqibimiz "Keşlə" olacaq. Ona görə də işimiz asan olmayacaq. Ancaq mən məqsədimizə çatacağımıza inanıram.

- "Zirə" qış transfer pəncərəsi zamanı Davit Volkovun, sənin gəlişinlə ön xətti xeyli gücləndirib. Səncə, komandaya daha nələr lazımdı?
- Bu suala mənim cavab verməyim düzgün olmaz. Baş məşqçimiz hər şeyi təhlil edir. Zaur müəllim komandaya nə lazım olduğunu bilir. Mən bura gələndə çox yaxşı qarşılandım. Bura yerli, tanınmış futbolçu kimi gəlmişəm. çalışacam ki, komanda üçün əlimdən gələnin artığını edim.

- Adaptasiya necə gedir?
- Heç bir problem olmadı. Sağ olsun uşaqlar, onsuz da, hamısı ilə əvvəldən tanış idik.

- "Səbail"dən milliyə çağırılırdın. "Zirə"dən çətin olmayacaq?
- İnşallah, yenə dəvət alacam.
 

futbolpress.az

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest