Antalyada təlim-məşq toplanışında olan "Sabah" ilk yoxlama oyununu keçirdi. Matc.az xəbər verir ki, təmsilçimiz Macarıstanın "Pakş" komandası ilə qarşılaşıb.  0:2 hesablı məğlubiyyətdən sonra "Sabah"ın baş məşqçisi Jelko Sopiç oyunla bağlı fikirlərini bildirib:

"İlk 60 dəqiqədə sərgilədiyimiz oyundan məmnun qaldım. Meydanda rəqibdən daha yaxşı təsir bağışlayırdıq. Bir neçə qol fürsəti qazandıq, lakin bu şanslardan istifadə edə bilmədik. Toplanış çərçivəsində ilk yoxlama matçımız olduğunu nəzərə alaraq, sərgilədiyimiz oyunun gələcək üçün ümid verdiyini deyə bilərəm".

"Pakş" ilə matç bir neçə gənc futbolçunun əsas komandada ilk oyunlarını keçirmələri ilə də əlamətdar oldu. U-19 komandamızın üzvləri – Neymət Musayev, Ceyhun Nuriyev, Abdulla Xaybulayev və Rüstəm Samiqqulin əsas komandada debüt etdilər. Sopiç, həmçinin gənc futbolçuların çıxışı barədə də danışıb: "Bu gün bir neçə gənc futbolçunun əsas komandanın heyətində meydana çıxması sevindirici haldı. "Pakş" ilə oyunda çempionatdakı gənc futbolçu limitinə uyğun 8 futbolçuya şans verdik. Həmçinin bizim gənc qolkiperin, Rüstəm Samiqqulinin əsas komandada ilk oyununu keçirməsi də sevindiricidi. Onun cəmi 16 yaşı var. Gənc futbolçularla Macarıstanın yüksək liqa təmsilçisinə qarşı oynamağın çətin olacağını bilirdim. Lakin onlar məşqlərdə özlərini yaxşı göstərmişdilər və şans qazanmağa layiq idilər. Mən gənclərə bir-iki dəqiqə şans verən məşqçilərdən deyiləm. Fikrimcə, onlar klubun gələcəyidilər və daha çox oynamalıdılar. Əlbəttə, 10 gənc futbolçu ilə oynayanda nəticə qazanmaq çətin olur. Ancaq bu, hazırlıq mərhələsidi və hər bir futbolçu özünü göstərmək üçün şans qazanmalıdı. Gənc futbolçularımıza görə sevinirəm və ilk 60 dəqiqədə sərgilədiyimiz oyuna əsasən, gələcək üçün nikbinəm".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest